Prezident Administrasiyasının (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin “TRT AVAZ” kanalının İctimai Televiziya ilə ortaq yayımlanan “50 dəqiqə” verilişinin qonağı olub.

PA rəsmisi verilişin aparıcısı Gökçen Oğanın Azərbaycanın xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Azərbaycan-Türkiyə münasibətləri barədə suallarını cavablandırıb.

N.Məmmədov qeyd edib ki, Azərbaycan xarici siyasətində bütün dövlətlərlə qarşılıqlı surətdə faydalı dostluq, əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə önəm verir.

“Deyirlər özünüz barışın, biz sizi dəstəkləyək”

Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Novruz Məmmədov deyib ki, Azərbaycan müstəqillik qazandığı vaxtdan bəri münaqişə yaşayır, ərazilərinin 20 faizi bu gün də düşmən tapdağı altındadır.

O, ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində fəaliyyətinin heç bir nəticə verməməsinin təəssüf doğurduğunu bildirib: “Minsk qrupunun həmsədrləri heç bir prinsip ortaya qoymayıblar. İyirmi ildən artıqdır ki, onların əsas prinsipi budur: Siz özünüz barışın, özünüz razılığa gəlin, biz sizi dəstəkləyək. Onlar çox yaxşı bilirlər ki, belə şey mümkün deyil. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə yeddi rayonunu da işğal edib”.

“İlham Əliyev qədər Ulu Öndərə sadiq ikinci bir şəxs ola bilməzdi”

PA rəsmisinin sözlərinə görə, ölkəmiz müstəqillik əldə etdikdən sonra sürətlə inkişaf edib: “Azərbaycanın indiki vəziyyəti, 24 il ərzində keçdiyi yol, bütün sahələrdə qazandığı nailiyyətlər digər dövlətləri yaxşı mənada, ola bilsin, bəzən qısqanclıqdan heyrətləndirir. Bəzən düşünürəm ki, Ulu Öndər Heydər Əliyevdən sonra onun yerinə Prezident İlham Əliyev olmasaydı, nə baş verərdi? Səmimi danışmaq lazımdır. Müsəlman ölkələrində, müsəlman mentalitetində bununla bağlı heç də həmişə eyni fikir yoxdur. Ona görə taleyin Azərbaycan xalqına ikinci dəfə Heydər Əliyevi qaytarmasını, xalqımızın bu səviyyəyə gəlib çatması üçün onun yerində məhz oğlunun bu siyasəti davam etdirməsini böyük tarixi hadisə sayıram. Bunu bizim üçün fürsət hesab edirəm. Çünki bu siyasətə, bu yola onun qədər sadiq ikinci bir şəxs ola bilməzdi. Bunu elə Ulu Öndərin özü də demişdi. Həm Ulu Öndər Heydər Əliyevə, həm də hazırkı Prezidentimiz İlham Əliyevə Azərbaycan xalqının çox böyük inamı və etimadı var. Prezidentlə xalqın birliyi, onların bir-birinə arxalanması bizi çox böyük çətinliklərdən qurtarıb. Bunu bizim opponentlər, dostlar, tərəfdaşlar yaxşı bilir və görürlər”.

Azərbaycan-Türkiyə əlaqələrindən söhbət açan Novruz Məmmədov deyib ki, bu gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın, dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri olan iki dövlət tapmaq mümkün deyil.

“Terrorlarda Qərbin məsuliyyəti var”

O, İŞİD-in Azərbaycana təhlükəli olub-olmaması məsələsinə də toxunub: “İŞİD hamı üçün, o cümlədən Azərbaycan üçün narahatlıq doğurur. XXI əsrdə belə halların olması cəmiyyətlər üçün kobud və əcaib proses kimi ortaya çıxır. Əslində, belə olmalı deyil. İnsan cəmiyyətləri inkişaf etdikcə, müəyyən məsələləri daha dərindən başa düşüb cəmiyyətin xoşbəxtliyi üçün daha düzgün yolla getməlidir. Amma görürük ki, problemlər var. İŞİD-lə bərabər dünyanın bütün ölkələrində terror aktları müşahidə olunur. Hansı ölkədə terror olacağına dair proqnoz vermək olmur. Belə halların olmasında Qərbin məsuliyyəti var. Şəxsən mənim fikrimcə, Qərb iki dünya qütbündən birinin, SSRİ və Varşava müqaviləsinin dağılmasından sonra bir qütblü dünya oldu. Qərbin atdığı addımların bəziləri bütün dünyada gedən proseslərin incəliklərinə qədər nəzərə alınması məsələsini ortaya qoymadı. Bu məsələ xüsusilə İslam dövlətlərinə qarşı münasibətdə özünü daha çox göstərdi. Bunu tez-tez müşahidə etdik”.

“Başqa bir dinin peyğəmbərinə qarşı kobud söz deyilməyib”

N.Məmmədovun fikrincə, Fransada baş verən hadisələrdə qərblilər başa düşməlidirlər hər bir xalqın, millətin həssas tərəfləri var: “Bunları nəzərə almaq lazımdır, ya yox? İslam qanunlarının heç birində başqa bir dinin peyğəmbərinə, müqəddəs adamına qarşı kobud söz deyilməyib. Amma onlar bunu özlərinə icazə verirlər. Hesab edirlər ki, insan hüquqları və demokratiya adı altında bunu deyə bilərlər. Bundan sanki ləzzət alırlar. Bəzən ifrat addımlar alırlar. Bu addımların nəticəsində müəyyən mənada İŞİD-ə gətirib çıxaran onlardır. Bunun əsas səbəblərindən biri odur ki, super güc dünyada gedən prosesin hamısında iştirak etmək iddiasında olursa, orada nisbi də olsa, haqq və ədalət prinsipini ortaya qoymalıdır. Mütləq ədalət dünyanın heç bir yerində yoxdur. Amma nisbi ədalətin olması çox vacibdir”.

Xocalı soyqırımından danışan Novruz Məmmədov Azərbaycan dövlətinin faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərini davam etdirdiyini söyləyib. Ermənistanın qonşularına qarşı münasibətinin, tarixi hadisələri siyasiləşdirməsinin düzgün olmadığını vurğulayan N.Məmmədov rəsmi İrəvanın bununla heç nə əldə etməyəcəyini bildirib.

NƏRGİZ