İqtidar və müxalif partiyaların görüşünə böyük maraq var

Bu gün Azərbaycan iqtidarı ilə müxalifət partiyaları arasında növbəti görüş keçiriləcək. Görüş saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq. Görüşün keçirilməsi üçün dəvət Prezident Administrasiyası tərəfindən gəlib.

Xatırladaq ki, ilk dialoq Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, həmçinin Yeni Azərbaycan Partiyasının Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri, İdarə Heyətinin üzvü Əli Həsənovun iştirakı ilə 2014-cü il dekabrın 13-də baş tutub. Görüşdə iqtidarı, həmçinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev təmsil edib.

Dialoqa Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının baş katibi Söhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qatılıb.

Budəfəki görüşün də əvvəlki formatda keçirilməsi və ötən dəfə iştirak etməyən digər siyasi partiya rəhbərlərinin, o cümlədən Müsavat Partiyasının da iştirakı nəzərdə tutulub. Lakin Müsavat iqtidar-müxalifət görüşünə qatılmamaq qərarı verib. Bu barədə partiyanın yaydığı rəsmi açıqlamada bildirilir.

Pənah Hüseyn dialoqa qatılacaq

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bu gün keçiriləcək iqtidar-müxalifət dialoqunda iştirak edəcək. P.Hüseyn bildirib ki, “Azadlıq-2015” seçki blokunda təmsil olunan partiya sədrlərinin bugünkü (dünəki-S.HƏMİD) toplantısında dialoqda iştirak haqqında qərar qəbul edilib. Onu da bildirək ki, P.Hüseyn bundan öncəki görüşdə iştirak etməmişdi.

“Belə görüşlər əhəmiyyətlidir”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, ölkənin milli maraqları, vətəndaş həmrəyliyinin bərqərar olması, mənasız siyasi konfliktlərin azalması, əsas hədəflərin müəyyənləşdirilməsi, dinc siyasi dialoqun qurulması baxımından belə görüşlər əhəmiyyətlidir: “Bir ay əvvəl görüşlərin davamlı olacağı qeyd olunmuşdu. Yəqin ki, keçən dəfə səsləndirilən təkliflər nəzərə alınıb. Görüşdə iştirak edəcəyik”.

“Müsbət hal kimi qiymətləndiririk”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını baş katibi Söhrab Abdullayev bildirib ki, əvvəlki toplantıda islahatlarla bağlı təkliflərini irəli sürüblər. O qeyd edib ki, bu təkliflərə Qarabağ məsələsinin həlli, parlamentli respublikaya keçid, ölkədə hüquqi islahatların aparılması, parlament seçkiləri ilə bağlı bəzi məsələlər daxildir: “Bu təkliflər zaman-zaman bizim partiyada müzakirə olunub. Sədrimiz də bu təklifləri Milli Məclisdə səsləndirib. Həmin təklifləri biz bundan əvvəlki görüşdə gündəmə gətirdik. Müzakirə olundu və bizim fikirlərimiz pozitiv fikirlər kimi qarşılandı. Qərara alındı ki, bundan sonra iqtidar və müxalifət arasında görüş dialoq formasında davam etsin”.

S.Abdullayev qeyd edib ki, əvvəlki toplantı görüş xarakterli idi: “Yəni, dialoq deyildi, əvvəlcədən hazırlanmamışdı. Səkkiz partiyanın istəyi ilə bir görüş olmuşdu. Həmin görüşdə belə fikir səsləndi ki, bu görüşlər dialoq formasında davam etdirilsin. Hakimiyyət təmsilçisi dedi ki, bu, yaxşı fikirdir, bu görüşləri sonrakı mərhələlərdə də davam etdirək. Yəni, bu görüşün keçiriləcəyi ilə bağlı ümumi rəy, fikir mövcud idi. Əlbəttə, biz belə bir dialoqun olmasını müsbət hal kimi qiymətləndiririk. Həm Azərbaycanda hüquqi islahatların aparılması, həm ölkənin inkişafı, həm də vətəndaş cəmiyyətinin formalaşması, ümumiyyətlə bütün sahələrdə islahatların olması üçün mühüm əhəmiyyətə malikdir”.

“Bir-birimizə qardaş kimi baxmalıyıq”

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, rəhbərlik etidiyi partiya hər zaman bir bəyanatla çıxış edib: “Bu da ondan ibarətdir ki, Azərbaycanda siyasətdə olanlar, partiyalar, şəxsiyyətlər bir-birlərinə düşmən kimi deyil, qardaş kimi baxmalıdırlar. Fikir ayrılıqlarının böyüklüyünə baxmayaraq azərbaycanlı bir birinə düşmən kimi deyil, azərbaycanlı qardaşı kimi yanaşmalıdır. Ümid edirəm ki, bu cür görüşlər ölkəmiz üçün, xalqımız üçün böyük olan məsələlərin müzakirəsindən ibarət olacaq. Problemlərin həllindən birgə çıxış yolları müzakirə predmeti olacaq. Çünki ancaq əməkdaşlıq, vətəndaş həmrəyliyi yolu ilə biz ölkəmizi gücləndirib, müdafiə sistemimizi sürətlə formalaşdıra bilərik”.

“Müzakirə üçün hansı məsələləri prioritet hesab edirsiniz” sualına gəldikdə isə A.Mollazadə qeyd edib ki, xalqın və dövlətin qarşısında dayanan ən əsas problem heç şübhəsiz, Ermənistanın Azərbaycana olan təcavüzüdür. O qeyd edib ki, bu məsələ ilə bağlı bütün siyasi qüvvələrin əməkdaşlığına böyük ehtiyac var: “Azərbaycanın problemlərinin dünyada da müzakirəyə çıxarmaq üçün hər bir azərbaycanlı bir yumruq kimi bu istiqamətdə işləməlidir. Bundan əlavə, bütün məsələlərdə iqtidar və müxalifət müzakirələr apara bilər. Siyasi həyata dair məsələlər, demokratiyanın, insan hüquqlarının inkişafına xidmət edən hər bir məsələ müzakirə mövzusu ola bilər”.

A.Mollazadə ötən dəfəki görüşün mətbuat üçün qapalı keçirildiyini bildirərək bu cür görüşlərin qapalı keçirilməsinə böyük ehtiyac olduğunu dedi: “Belə olduqda, daha səmərli fikir mübadiləsinin aparılması mümkün olur. Ötən görüşdə mən də çıxış edərək az öncə qeyd etdiyim məsələləri qaldırmışdım. Çox güman ki, sabahkı görüşdə də çıxış edib bəzi məsələləri qaldıracam”.

“Müzakirə üçün çoxlu məsələlər var”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bu görüşdə də müzakirə üçün təklif ediləcək bir çox məsələlərin olduğunu vurğulayıb: “Birinci görüş məndə müsbət təəssürat yaratmışdı. İnanıram ki, bu görüşdə də vacib məsələlər müzakirə ediləcək. Birinci görüşdə müəyyən perspektivli məsələlərə toxunulmuşdu. Növbəti görüşdə bizim də təklif edəcəyimiz müəyyən məsələlər var”.

“Dialoq cəmiyyətdə müsbət aura yaradır”

Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa isə deyib ki, iqtidar-müxalifət dialoqu ölkədə partiya demokratiyasının inkişafı baxımından müəyyən perspektivlər vəd edir: “Ona görə biz də bunu təqdirlə qarşılayırıq. Təbii ki, nəticələr, səsləndirilən fikirlərin reallaşdırılması imkanları necə olacaq bilinmir. Amma buna baxmayaraq ən azı bu niyyətin olması Azərbaycan cəmiyyətində müsbət bir aura yaradır. Ən azı siyasi mühitin daha çox siyasi dillə problemləri çözməyə meyilli olduğunu göstərən bir hadisədir. Bu baxımdan görüşdə iştirak edəcəyik və orada öz fikirlərimizi səsləndirəcəyik. Ümid edirəm ki, bu fikirlər iqtidar tərəfindən diqqətə alınacaq, ölkədə partiya demokratiyasının inkişafına öz töhfəsini verəcək”.

Səxavət HƏMİD