
Sabah Azərbaycan iqtidarı ilə müxalifət partiyaları arasında növbəti görüş keçiriləcək. Görüş fevralın 12-də, saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq. Artıq Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının rəhbərləri növbəti iqtidar-müxalifət görüşünə dəvət olunub.
Bu barədə məlumat verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, dəvət Prezident Administrasiyası tərəfindən gəlib: “Görüşün əvvəlki formatda keçirilməsi və ötən dəfə iştirak etməyən digər siyasi partiya rəhbərlərinin, o cümlədən Müsavat Partiyasının da iştirakı nəzərdə tutulub”.
Xatırladaq ki, ilk dialoq Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə 2014-cü il dekabrın 13-də baş tutub. Görüşdə iqtidarı, həmçinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev təmsil edib.
Dialoqa ADP sədri Sərdar Cəlaloğlu, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Söhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qatılıb.
Siyavuş Novruzov: “İqtidar-müxalifət dialoqu mütəmadi xarakter ala bilər”
İqtidar-müxalifət görüşünə münasibət bildirən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu görüşü təqdirəlayiq hesab etdiyini bildirib.
S.Novruzov deyib ki, Azərbaycanda qeydiyyatdan keçən bütün siyasi partiyalar bu dialoqa dəvətlidirlər: “Dialoq, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, həmçinin Yeni Azərbaycan Partiyasının Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri, İdarə Heyətinin üzvü Əli Həsənov tərəfindən aparılacaq. Bütün siyasi partiyalarla birlikdə fikir mübadiləsi aparılacaq”.
O, qeyd edib ki, bundan öncə də siyasi partiyalarla görüşlər keçirilmişdi: “İlk olaraq parlamentdə təmsil olunan siyasi partiyalarla görüş keçirildi, müxtəlif məsələlər müzakirə edildi. Sonra qeydiyyatdan keçən bir qrup siyasi partiya ilə görüş keçirildi. Bu mərhələdə isə bütün qeydiyyatdan keçmiş siyasi partiyalar görüşə dəvətlidir və müəyyən fikir mübadiləsi aparılacaq. İrəli sürülən təkliflər təhlil ediləcək və bunlardan hansı məqbul hesab olunacaqsa, bugünkü reallığa cavab verəcəksə, onların tətbiqi ilə bağlı müxtəlif addımların atılması haqqında müzakirələr aparılacaq”.
S.Novruzov əlavə edib ki, hökumət öz tərəfindən siyasi partiyalarla dialoq istiqamətində lazım olan addımları atır: “Vaxtilə ATƏT və yaxud Avropa Şurasının hər hansı qurumu belə görüşlər təşkil edirdi. Lakin indi bunların heç birinə ehtiyac yoxdur. Çünki siyasi partiyalar Azərbaycanda fəaliyyət göstərir və bu məsələdə heç bir xarici təşkilatın iştirakı olmadan Azərbaycanda olan siyasi partiyalar yığışıb siyasi partiyalar və ictimai-siyasi vəziyyətlə əlaqədar fikir mübadiləsi aparırlar”.
Millət vəkili hesab edir ki, əgər hər hansı bir siyasi partiyada qərəz yoxdursa, hər hansı bir siyasi partiya bu məsələyə öz şəxsi prizmasından baxmırsa, ümumdövlət, ümumxalq maraqlarından baxırsa, deməli, bu partiyaların hamısı orada iştirak edəcək və beləliklə, bu dialoq mütəmadi xarakter alacaq.
Müsavat Partiyası görüşə qatıla bilər
“Müsavat Partiyası fevralın 12-də keçirilməsi nəzərdə tutulan iqtidar-müxalifət dialoquna dəvət alıb”. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, dialoqda iştirak məsələsi partiyada müzakirə olunduqdan sonra yekun qərar veriləcək.
“Görüşdə iştirak edəcəyəm”
Azadlıq Partiyasının sədri Əhməd Oruc görüşdə müzakirə olunacaq məsələ barədə məlumatsız olduğunu qeyd etdi, eyni zamanda bildirdi ki, görüşdə iştirak edəcək.
AXCP-dən isə bildirilib ki, hakim partiyadan dəvət almayıblar.
“Təkliflərimizi verəcəyik”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu dəvətin Prezident Administrasiyası tərəfindən gəldiyini və görüşdə iştirak edəcəyini deyib: “Görüşdə hansı məsələnin müzakirə olunacağını bilmirəm. Mövzu bilinərsə, uyğun təkliflərimizi verəcəyik”.
S.Cəlaloğlu qeyd edib ki, ötən ilin dekabrında keçirilən görüşdə çoxsaylı məsələlər qaldırılıb: “Ona görə də mən ağzımı açıb danışmadım. Budəfəki görüşdə hansı məsələlərin müzakirə olunacağını, hansı təşəbbüslərlə çıxış ediləcəyini bilmirəm. Görsəm ki, produktiv müzakirələr gedir, çıxış edib fikrimi bildirəcəm”.
ADP sədri qeyd edib ki, siyasi dialoq naminə Azərbaycan iqtidarı və müxalifəti istənilən bir məsələni götürüb müzakirə edə bilər: “Bunun üçün məsələnin strateji və taktiki olması o qədər də əhəmiyyətli deyil. Bu dəqiqə neftin qiymətinin düşməsi ilə bağlı olaraq ölkənin gəlirləri azalıb, bunu hamı etiraf edir. Bu vəziyyətdə aztəminatlı ailələrin qorunması məsələsini müzakirə edə bilərik. Bunun əvəzində müxalifət yaranan iqtisadi çətinliklərdən istifadə edib siyasi kampaniya aparmaz. Bunu müzakirə edə bilərik. Qarşıdan birinci Avropa Oyunları gəlir. Bu oyunların təhlükəsiz keçirilməsi, bu zaman müxalifətin üzərinə düşən vəzifə məsələsi müzakirə oluna bilər. Qarabağ məsələsi var. Hansı məsələni iqtidar desə, onu müzakirə edə bilərik. Amma dialoq belə bir məsələdir ki, burada ilk növbədə tərəflər birinci dərəcəli maraqlarını ortaya qoya bilməzlər. Əgər qoyarlarsa, o zaman siyasi dialoq alınmaz. Bu baxımdan iqtidar və müxalifət üçün birinci dərəcəli əhəmiyyəti olmayan istənilən məsələ siyasi dialoqun predmeti ola bilər”.
“Gözləntimiz böyükdür”
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə bu görüşdən gözləntisinin böyük olduğunu deyib: “Bir var bu görüşü ATƏT, yaxud hansısa ölkənin səfirliyi təşkil etsin, biri də var öz daxilimizdə bu görüşü təşkil edək. Bu məsələlər arasında fərq böyükdür. Birinci halda təşkil olunan görüş kənardan da pis görünür. Belə olanda nəticəsiz, imitasiya xarakterli görüşlər olur. Amma bu görüşü birbaşa Prezident Administrasiyasının kifayət qədər sanballı şöbəsinin təşkil etməsi xarakter etibarilə bu görüşlərin nəticəsinin olacağından xəbər verir. Bu təşəbbüs, eyni zamanda Azərbaycanın hakim partiyası tərəfindən irəli sürülən təşəbbüs kimi də qiymətləndirilməlidir. Ona görə də biz AMİP olaraq bu görüşdən çox şey gözləyirik”.
Y.Bağırzadə qeyd edib ki, artıq bir görüş keçirilib: “Əlbəttə, istəyərdik ki, ikinci tədbir dialoq xarakteri daşısın və predmeti olsun. Yəni, bu görüşün həm predmeti, həm də nəticəsi olsun. Odur ki, bu görüşdən biz çox şey gözləyirik. Əvvəlcədən nəsə demək düzgün deyil. Qarşıdan parlament seçkiləri gəlir. Mənə elə gəlir ki, bu görüşlərin parlament seçkilərinə təsiri olmalıdır. Biz hiss edirik ki, Prezident Administrasiyası dövlət olaraq ölkədə siyasi partiyaların ölkənin siyasətində iştirakını gücləndirmək istəyir. Bu, təqdirəlayiqdir”.
“Ümummilli məsələlərdə çəkici eyni nöqtəyə vurmalıyıq”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də sabah keçiriləcək iqtidar-müxalifət dialoquna dəvətli olduqlarını deyib: “Sabah (bu gün-S.HƏMİD) bizim ”Azadlıq-2015" seçki blokunda bu məsələ müzakirə ediləcək və yəqin ki, müsbət qərar qəbul olunacaq, görüşdə iştirak təmin olunacaq. Ötən dəfə keçirilən görüşdə əsasən məhbuslar məsələsi müzakirə olundu. İkincisi, iqtidarla müxalifət arasında dialoq məsələsi qaldırıldı. Biz hesab edirik ki, indiki gərgin, qarışıq dövrdə ölkədə siyasi proseslər nizama salınmalı, münasibətlər normallaşmalıdır. Bu da ilk növbədə siyasi mədəniyyət, siyasi dialoq tələb edir. Bu mənada istənilən problemi danışıq masası arxasında çözməliyik. Biz hesab edirik ki, ilk növbədə buzlar qırılmalı və məsələlər masa üzərinə qoyulub müzakirə edilməlidir. Buna görə də bu görüşlərin davamlı olması arzuolunandır. Narahatlıq doğuran hansısa məsəllər varsa, həmin məsələlər mütləq ölkə daxilində hakimiyyətlə müxalifət arasında müzakirə olunmalıdır".
E.Musayev qeyd edib ki, Azərbaycanın ümummilli məsələlərində iqtidar və müxalifət arasında fərq olmamalı, hamı çəkici eyni nöqtəyə vurmalıdır: “Təbii ki, qarşıdan parlament seçkiləri, Avropa Oyunları gəlir. Azərbaycana xeyli diqqət ayrılıb. Biz hesab edirik ki, bu məsələlər indidən tənzimlənməlidir”.
Səxavət HƏMİD