Fevralın 6-dan 8-dək Almaniyanın Münxen şəhərində təhlükəsizlik üzrə ənənəvi, sayca 51-ci konfrans baş tutub. Azərbaycan Prezidenti İlham Əliyev konfrans çərçivəsində çoxsaylı görüşlər keçirib. Eyni zamanda, İlham Əliyev “Şaxələndirmə strategiyaları” mövzusunda dəyirmi masada və “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində iştirak və çıxış edib.
Sloveniyanın prezidenti Borut Pahorun sədrliyi ilə keçirilən paneldə Azərbaycan dövlətinin başçısı çıxış edib və sualları cavablandırıb.
Tədbirdə iştirak edən Ermənistan nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, Azərbaycan Ordusunu ermənilərin mövqelərini atəşə məruz qoymaqda və cəbhə bölgəsində gərginliyin artırılmasında ittiham edib.
“Ağamda, Füzulidə nə edirsiniz?”
Azərbaycan Prezidenti isə bildirib ki, günahı həmişə bizim üstümüzə atmaq erməni tərəfinin taktikasıdır: “Onlar bizim əraziləri işğal ediblər, beynəlxalq hüququ pozublar, Xocalıda soyqırımı törədiblər, bizim tarixi və dini abidələrimizi məhv ediblər və bundan sonra günahı bizim üstümüzə atırlar. Lakin məsələ ondan ibarətdir ki, erməni əsgər Azərbaycanın işğal olunmuş ərazilərində nə edir? Erməni əsgər Ağdamda nə axtarır? Əgər o, öldürülmək istəmirsə, Ağdama getməsin. Qoy İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin ölkənizdə özünüz üçün yer kifayət qədərdir, orada onsuz da elə də çox adam qalmayıb. Bəs siz Ağamda, Füzulidə nə edirsiniz?”
“İşğala son qoyun!”
Dövlət başçısı Ermənistanın vəziyyəti gərginləşdirməsi ilə bağlı konkret misal da çəkib. Prezident ötən ilin vasitəçilərin danışıqlarda aktivliyi baxımından çox diqqətəlayiq olduğunu vurğulayıb və Vladimir Putinin avqust ayında Sərkisyanla onun görüşünü təşkil etməsini xatırladıb: “Sentyabrda isə Kerri Ermənistan prezidenti və mənim aramda danışıqlar raundu təşkil edib. Nəhayət, oktyabrın sonunda prezident Olland bizi Parisə dəvət etdi. Burada mən deyərdim ki, əla, çox konstruktiv görüş oldu. Hər iki tərəf, o zaman bu görüşün uğurlu olduğunu bəyan edərək, qoşunların təmas xəttində gərginliyin azalmasına səy göstərəcəklərini vəd etdilər. Bəs sonra nə baş verdi? On gün keçməmiş Ermənistan Ağdam da daxil olmaqla işğal olunmuş ərazilərdə irimiqyaslı hərbi təlimlərə başladı. Ermənistan tərəfinin məlumatına görə təlimlərə 47 min hərbçi cəlb olunmuşdu. Onlar işğal olunmuş ərazilərdə hərbi texnika, aviasiya, helikopterlərdən istifadə etməklə manevrlər həyata keçirirdilər. Üç gün bizim ordu səbr nümayiş etdirərək, heç bir reaksiya vermədi, lakin sonradan ermənilər Mİ-24 döyüş helikopterləri vasitəsilə Azərbaycan Ordusunun mövqelərinə hücuma keçdilər. Bizim ordumuz cavab verməli oldu, helikopterlərdən biri vuruldu və bu Azərbaycanı ittiham etməkdən ötrü Ermənistan üçün əsas oldu. Yəni, onlar təxribat törədərək gərginliyin azaldılmasına bu qədər səy göstərmiş Fransa, Rusiya və ABŞ liderlərinə hörmətsizlik nümayiş etdirdilər. Onlar düşünürlər ki, nə sərf edirsə, onu edə bilərlər və heç kim onları cəzalandırmayacaq. Bu, onların davranışının əsas səbəbidir. İndi də eynilə günahı Azərbaycanın üstünə atırlar və ”atəş açmayın" deyirlər. Beləliklə, mənim Ermənistana mesajım budur: İşğala son qoyun, siz işğala son qoyduğunuz andan etibarən sülh, qarşılıqlı təmas və barışıq bərqərar olacaq. Və bunun baş verməməsinin səbəbi erməni əsgərinin Ağdam və Füzulidə olmasıdır".
Qeyd edək ki, Sloveniyanın prezidenti Borut Pahorun sədrliyi ilə keçirilən müzakirələrdə Serbiyanın baş naziri Aleksandr Vuçiç, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Xorvatiya baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə nazir Vesna Pusiç də iştirak ediblər.
“Prezidentin sözləri dünya mediasında geniş şərh edilir”
Münxen Təhlükəsizlik Konfransına və konfransda keçirilən panel müzakirələrinə, Prezident İlham Əliyevin çıxışına münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, politoloq Aydın Mirzəzadə bildirib ki, artıq uzun müddətdir təhlükəsizlik məsələləri ilə bağlı Münxendə konfrans təşkil edilir. Onun sözlərinə görə, burada söhbət ilk növbədə Avropanın enerji təhlükəsizliyi məsələsinə toxunulur: “Bu gün enerji təhlükəsizliyi məsələsi ümumilikdə təhlükəsizliyin əsas amilinə çevrilib. Həm hökumət dairələri, həm nüfuzlu şirkətlər, eyni zamanda bu sahədə tədqiqat aparan elmi dairələrin nümayəndələri bu konfransda təhlükəsizlik məsələləri ilə bağlı mövqe bildirirlər”.
A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Prezidenti artıq neçənci dəfədir ki, Münxen Təhlükəsizlik Konfransında iştirak edir: “Münxen konfransında iştirak bir tərəfdən bu və ya digər dövlətin mövqeyini ortaya qoymağa kömək edir. Eyni zamanda bu, dövlətin nüfuz məsələsidir. Həmçinin, bu dövlətin ümumilikdə mövqeyinin dünya tərəfindən daha düzgün başa düşülməsi üçün çox dəyərli bir platformadır. Cənab prezident konfransda həm panel iclasda çıxış etdi, həm də müəyyən müzakirələrdə iştirak etdi. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu xüsusi vurğuladı və bundan sonra da ölkənin bu istiqamətdə fəaliyyət göstərəcəyini bildirdi. Azərbaycan daxilində aparılan iqtisadi islahatlardan, enerji layihələrindən, eyni zamanda, Azərbaycanda aparılan siyasi islahatlardan danışdı, demokratiyanın inkişafı ilə bağlı görülən işləri də xüsusi vurğuladı”.
Deputat bildirib ki, Azərbaycanın bugünkü reallığı, rastlaşdığı ən böyük problem Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsinə görə, ərazi bütövlüyü məsələsidir: “Çox məntiqli olaraq Azərbaycan Prezidenti bu məsələyə toxundu. Ermənistanın Azərbaycan torpaqlarını işğalının Azərbaycan və bütün dünyaya problem yaratdığını bir daha sübut etdi. Konfransda iştirak edən Ermənistan nümayəndələri bir neçə dəfə Azərbaycan tərəfini provokasiyaya çəkməyə və özlərinin işğalçılıq siyasətinə sivil don geyindirməyə çalışdılar. Amma Azərbaycan Prezidenti özünün məntiqli cavabları ilə Ermənistanın beynəlxalq hüquq normalarını çox ciddi surətdə pozduğunu diqqətə çatdırdı. Onun ”Erməni əsgəri ölmək istəmirsə, onun Ağdamda, Füzulidə nə işi var" kimi cavablar bu gün dünya mətbuatında geniş şərh edilməkdədir".
“Azərbaycanın bu məsələdə heç bir güzəşti olmayacaq”
Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli isə bildirib ki, prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında səsləndirdiyi bəyanatlar artıq Ermənistanda güclü ajiotaja, qorxu ab-havasına səbəb olub. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında birbaşa Ermənistan tərəfinin işğal siyasətini konkret fakt və arqumentlərlə ifşa edib: “Ölkə başçısı çıxışı zamanı bir sıra ritorik suallar səsləndirib. ”Erməni əsgər Azərbaycanın işğal olunmuş ərazilərində nə edir? Erməni əsgər Ağdamda nə axtarır? Əgər o öldürülmək istəmirsə, qoy Ağdama getməsin". Yəni, birbaşa bu mesajın mənası ondan ibarətdir ki, nə qədər Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaq siyasətini davam etdirəcəksə, bu müddət ərzində itkilər verəcək və Azərbaycanın bu məsələdə heç bir güzəşti olmayacaq. Konfransda ermənistanlı nümayəndənin təxribatçı sualına Azərbaycan Prezidentinin cavabı belə oldu ki, əslində, Ermənistan bütün günahları Azərbaycanın üzərinə yıxmağa çalışır".
“Hər şey Ermənistanın davranışından asılıdır”
Politoloq bildirib ki, konfransda ölkə başçısı Ermənistanın sülh istəməməsini tutarlı faktlarla sübut edib: “Çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, avqust ayında Rusiya prezidenti Vladimir Putinin, sentyabrda ABŞ dövlət katibi Con Kerrinin və oktyabrda Fransa prezidenti Fransua Ollandın təşəbbüsləri ilə prezidentlər arasında görüşlər keçirilib. Ölkə başçısı xüsusi vurğuladı ki, oktyabrın 27-də Parisdə keçirilən danışıqlardan heç 10 gün keçməmiş Ermənistan Ağdam da daxil olmaqla işğal olunmuş ərazilərdə irimiqyaslı, 47 min hərbçinin iştirakı ilə hərbi təlimlərə başladı, eyni zamanda, helikopter avantürası həyata keçirib və həmin helikopter Azərbaycan hərbçiləri tərəfindən vurulub. Yəni, ermənilər belə təxribatlara getməklə çalışır ki, danışıqlarda heç bir nəticə hasil olmasın. Azərbaycan Prezidenti bildirdi ki, ermənilər işğala son qoyduqları andan etibarən sülh, qarşılıqlı təmas və barışıq bərqərar olacaq. Yəni, hər şey Ermənistanın davranışından asılıdır”.
“Münaqişəni həll etmək istəyən tərəflər Ermənistana yardım göstərirlər”
E.Nəsirli hesab edir ki, prezident İlham Əliyevin çıxışı Ermənistan tərəfə çox ciddi mesaj idi: “Eyni zamanda, Azərbaycan Prezidenti çıxışı zamanı ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid etdi. Bildirib ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün heç bir siyasi iradə nümayiş etdirmir. Eyni zamanda, vurğuladı ki, Ermənistan öz başına işğalçılıq siyasətini davam etdirə bilməz. Ona dəstək verən qüvvələr var və həmin qüvvələr arasında ATƏT-in Minsk qrupunun həmsədrləri də var. Eyni zamanda, ölkə başçısı qeyd etdi ki, bu olduqca paradoksal bir vəziyyətdir. Çünki, münaqişəni həll etmək istəyən tərəflər Ermənistana yardım göstərirlər. Bu isə onların neytrallıq və bitərəfliklə bağlı statuslarına ziddir”.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Münxendə səsləndirdiyi bəyanatlar çox ciddi rezonans doğurmaqdadır: “Bir məsələ də nəzərdən qaçmamalıdır ki, Münxen Təhlükəsizlik Konfransında adətən ən mühüm bəyanatlar səsləndirilir. Əslində, həmin fikirlər ölkənin bundan sonrakı siyasətinin əsas istiqamətlərini göstərir. Yəni, Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mövqeyi bundan sonra necə olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə bu məsələyə bir daha aydınlıq gətirildi”.
Səxavət HƏMİD