Urmiyanın “Şəhrdari” voleybol komandasının tərəfdarları da irqçiliyə qarşı aksiyaya qoşulub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Urmiyanın Qədir stadionunda bu şəhərin “Şəhrdari” voleybol komandası Vəraminin “Mətin” klubu ilə qarşılaşıb. Təhlükəsizlik qüvvələrinin bütün təhdid və təzyiqlərinə baxmayaraq, stadion tamaşaçılarla dolub. Soydaşlarımız oyun boyu “İran Teleradiosu – Azərbaycanın düşmənidir”, “Azərbaycan milləti – çəkməz belə zilləti” və s. kimi şüarlar səsləndiriblər.

Məlumatlara görə, stadionun daxilində və onun ətrafında çoxsaylı hökumət qüvvələri qərarlaşıb. Onlar tamaşaçıları nəzarətdə saxlamağa çalışsalar da, soydaşlarımız istədikləri milli şüarları səsləndirə biliblər.

Bu arada, azərbaycanlı fəallar Əhər şəhərində xüsusi vərəqələr paylayıblar. Onlar əhalini İran televiziyasının türkləri təhqir etməsinə qarşı yürüş keçirməyə çağırıblar. Dinc yığıncaq noyabrın 12-də Təbriz vaxtı ilə 16:30-da keçiriləcək.

Qeyd edək ki, noyabrın 9-dan Güney Azərbaycanın əksər şəhərlərində İran televiziyasının “Fitilə” verilişində türklərin təhqir edilməsinə etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirilir, bu etirazlar hələ də davam edir.

Samir