TOVUZ, 16 oktyabr. TELEQRAF

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

13:53

Tovuz rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadə bir müddətdir Almaniyada yaşayırmış və dünən axşam Azərbaycana qayıdıb.

Məlumata əsasən, həyat yoldaşı Mətanət Hacızadə ilə aralarında yaranan mübahisə zamanı S.Hacızadə qadının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.

Cütlüyün üç oğlu var.

Qətl hadisəsini törədən Səbuhi Hacızadə cinayətin motivi barədə özünün "TikTok" səhifəsində video paylaşaraq açıqlama verib.

Fotoda: Səbuhi Hacızadə

***

12:48

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə 1996-cı il təvəllüdlü həyat yoldaşı Mətanət Hacızadəni bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəmnində baş verib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

Qətli törətməkdə şübhəli bilinən şəxsin axtarışları Tovuz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən davam edir.

Fotoda: Mətanət Hacızadə