BAKI, 5 iyun. TELEQRAF
Sabah Azərbaycanda Qurban bayramıdır. Qurbanlıq almaq istəyənlərin çoxu bu gündən heyvan satışı məntəqələrinə üz tutur. Bəziləri qurbanlıq heyvanı bayram günü alsa da, hazırlığı daha tez görənlər də az deyil.
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bunlardan 70-də həm kəsim, həm satış, 29-da qurbanlıq heyvanların yalnız satışı, 27-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq.
“Teleqraf” İnformasiya Agentliyinin əməkdaşları heyvanların satışı və kəsimi xidmətləri olan məntəqələrdən birinə – Bakının Binəqədi rayonunda C.Xəndan küçəsi, 52C ünvanına yollanıb.
Burada heyvan satışına geniş hazırlıq aparılıb. Qurbanlıq qoyunlar daha çoxdur.

Qurbanlıq almaq istəyənlərin sayı o qədər də çox deyil. Ola bilsin, sabah buralar daha tünlük olacaq.
.jpg)
Bəs, satıcılar nə düşünür?
Satıcılarla söhbət zamanı aydın olur ki, qurbanlıq qoyunları Beyləqan, Ağcabədi, Bərdə və Ağdamdan gətiriblər.
Satıcılardan birinin sözlərinə görə, bu il qiymətlərdə dəyişiklik yoxdur, başqa günlərdən fərqlənmir: “Qiymət həmişəki kimidir. Hər qiymətə qoyun var. Qiymətlər əsasən 250-350 AZN arasında dəyişir, ən yuxarısı 400 manatdır. Qoyunun çəkisi isə 20-21 manatdan hesablanır”.
.jpg)
Gürcüstan heyvanlarının dadı olmur
Satıcı bildirir ki, bu il əvvəlkilərə nisbətən alıcı sayı azdır.
“Alıcılar daha çox aşağı çəkidə heyvan alırlar, imkanı olanlar qoç da alır. Hələ ki 5-10 heyvan satmışam. Heyvanları özümüz bəzəyib satırıq”, - o, əlavə edir.
Digər bir satıcı Asif Vəliyev 20 ildir bu işlə məşğul olduğunu deyir. Onun sözlərinə görə, daha çox Qarabağ heyvanları satılır:
“Gürcüstan heyvanları yaxşı getmir. Bəziləri ucuz olduğu üçün gürcü heyvanlarını alır, amma onların ətinin dadı olmur. Bu il əvvəlki ilə baxanda bir az qiymət artıb. İnsanlar qurbanlıq alanda daha çox təmizliyinə fikir verirlər. İndiyə qədər təxmini 30 heyvan satmışıq”.

O deyir ki, daha çox alıcı sabaha gözlənilir, bayramdan bir gün öncədir deyə alıcı azdır:
“Sabaha hazırlıq görülür. Bəzi alıcılar artıq sifariş ediblər. Sifariş edilənləri saxlamışıq ki, sabah gəlib aparsınlar. Sifarişçilərin çoxu qız evinə qurbanlıq aparmaq üçün alırlar”.
Alıcılarla həmsöhbət oluruq. Onlardan bir neçəsi imkan olduqda qurbanlıq aldığını və payladığını bildirir.
Alıcı Hafiz Həsənov deyir ki, bu il qiymətlərdə ciddi artım var: “Hər il qurbanlıq almağa çalışıram. Bunu özüm üçün almıram, bizdən daha çox ehtiyacı olan adamlarla paylaşıram. Ötən illə bu il arasında ciddi fərq var. Məsələn, ötən il heyvanı 300 manata almaq mümkün idisə, bu il 370 manata alırsan”.
.jpg)
H.Həsənov heyvanı aldıqda yaşının 8 aydan yuxarı olmasına diqqət etdiyini bildirir.
“Belə eşitdiyim üçün yaşa diqqət edirəm. Biz ayələrlə deyil, adətlərlə yaşayırıq. Çəkisinə gəldikdə isə cibimə uyğun olanı alıram”, - o, sözünə əlavə edir.
.jpg)
FOTO: Elnur Muxtar