BAKI, 29 avqust. TELEQRAF

ABŞ ilə əldə olunan neft razılaşması Venesuelaya təxminən 100 milyard dollar həcmində özəl investisiyanın cəlb olunmasına imkan verəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində bildirib.

“Venesuela xalqı üçün bu saziş təxminən 100 milyard dollar özəl investisiya gətirəcək”, - Rubio qeyd edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Venesuela ilə “dünya tarixində ən böyük neft sazişi” adlandırdığı razılaşmanın əldə olunduğunu açıqlayıb.

Trampın sözlərinə görə, saziş çərçivəsində Venesuelanın təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard bareldən çox hissəsi ABŞ-nin nəzarətinə keçəcək. O, bunun amerikalı vergi ödəyiciləri üçün əlavə xərc yaratmayacağını bildirib.

ABŞ lideri razılaşmanın ölkəsinin neft ehtiyatlarını iki dəfədən çox artıracağını və benzinin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcəyini iddia edib.