BAKI, 29 avqust. TELEQRAF
ABŞ-də Rusiya vətəndaşı Aleksandr Mamonov aviasiya ehtiyat hissələrinin qanunsuz şəkildə Rusiyaya ixracında təqsirli bilinib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Məhkəmə materiallarına əsasən, 62 yaşlı Mamonov əvvəllər “Aeroflot”da çalışıb və sonradan Floridaya köçüb. İttihama görə, o, ABŞ şirkətlərini aldadaraq aviasiya komponentlərinin başqa ölkələrdəki müştərilər üçün nəzərdə tutulduğunu bildirib.
İstintaqın versiyasına əsasən, Mamonov hazırda axtarışda olan Rusiya vətəndaşı İqnat Vakorinlə əlbir olaraq ümumi dəyəri təxminən 900 min dollar olan aviasiya hissələrini alıb və Rusiyaya göndərib.
Andlılar heyəti Mamonovu 12 ittiham bəndi üzrə, o cümlədən ixrac qanunvericiliyinin pozulması, yalan məlumat verilməsi və çirkli pulların yuyulması məqsədilə əlbir olmaqda təqsirli bilib.
Bu iş üzrə hökmün noyabrın 20-də elan ediləcəyi gözlənilir.