BAKI, 29 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinin jurnalisti Meqqi Habermanı 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə bağlı planları haqqında dərc olunan yazıya görə tənqid edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Bundan əvvəl “The New York Times” yazmışdı ki, Tramp 11 sentyabr terror aktlarının ildönümündə Nyu-Yorkda dağıdılmış Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinin yerində yaradılan memorialı ziyarət etməyəcək. Qəzet bunu həmin məkanda siyasətçilərin çıxış etməsinə qoyulan məhdudiyyətlə əlaqələndirmişdi.

Tramp isə bu məlumatı təkzib edərək Habermanın onun haqqında “uydurma məlumat” yaydığını bildirib. ABŞ lideri qeyd edib ki, Nyu-Yorkda keçirilən anım mərasimlərində çıxışların nəzərdə tutulmadığını yaxşı bilir və şəhərə dəfələrlə səfər edib.

Prezident Habermanı uzun illərdir onun barəsində yanlış məlumatlar yaymaqda ittiham edib.

Qeyd edək ki, Tramp 2025-ci ilin sentyabrında “The New York Times” qəzetinə qarşı böhtan ittihamı ilə məhkəmə iddiası qaldırıb. Bir ay sonra isə federal hakimin ilkin iddianı rədd etməsindən sonra qəzetə qarşı yenidən məhkəməyə müraciət edib.