BAKI, 29 avqust. TELEQRAF

İraq və Oman ABŞ-nin İrana qarşı tətbiq etdiyi sərt sanksiyaların regiondakı vəziyyətə mənfi təsir göstərəcəyini hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin İraqın xarici işlər naziri Fuad Hüseynlə Omanın xarici işlər naziri Bədr əl-Busaidinin telefon danışığının yekunlarına dair yaydığı bəyanatda bildirilib.

Bəyanata əsasən, tərəflər ABŞ və İran arasında həll olunmamış məsələləri, həmçinin Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyaları müzakirə ediblər. Bildirilib ki, bu məhdudiyyətlər İranla ticarət-iqtisadi və maliyyə əməliyyatlarının həcmini azalda və bütövlükdə regiondakı vəziyyətə mənfi təsir göstərə bilər.

İraq və Oman XİN başçıları yaranmış risklərin aradan qaldırılması və mümkün nəticələrin yumşaldılması yollarını müzakirə etmək üçün maraqlı ölkələrin təcili görüşlərinin keçirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər həmçinin Bağdad və Maskat arasında əməkdaşlıq və koordinasiyanın davam etdirilməsinin, bu istiqamətdə birgə təşəbbüslərin hazırlanmasının və digər ölkələrin də həmin müzakirələrə cəlb olunmasının tərəfdarı olduqlarını bildiriblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İrana qarşı misli görünməmiş miqyasda “iqtisadi müharibə və təcrid” siyasətinin başladığını açıqlayıb. O, Tehranla əməkdaşlıq edən xarici maliyyə institutları, şirkətlər, hava limanları və dövlət strukturlarının ABŞ tərəfindən ciddi iqtisadi nəticələrlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.