BAKI, 20 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın son qərarları Asiya ölkələrini müdafiə xərclərini artırmağa və təhlükəsizlik sahəsində alternativ tərəfdaşlıqlar qurmağa sövq edir.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” diplomatlara və digər mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasını azaltmaq qərarı, həmçinin Şimali Koreya lideri Kim Çen Inla ilin sonunadək görüşmək niyyətini açıqlaması region ölkələrində ABŞ-nin təhlükəsizlik təminatlarına nə dərəcədə arxalanmağın mümkün olduğu barədə suallar yaradıb.
“Öz qüvvələrinə arxalanmağa doğru istiqamət dəyişikliyi gözləyin”, - adı açıqlanmayan asiyalı diplomat bildirib.
“Politico” yazır ki, yaranmış vəziyyət region ölkələrinin öz müdafiə imkanlarına daha çox sərmayə yatırmasına səbəb ola bilər. Xüsusilə hava hücumundan və raketdən müdafiə sistemlərinə xərclərin artırılması gözlənilir.
Bununla yanaşı, Asiya ölkələrinin təhlükəsizlik sahəsində ABŞ-dən asılılığı azaltmaq məqsədilə Avstraliya və Avropa dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirə biləcəyi qeyd olunur.