BAKI, 20 avqust. TELEQRAF
Fransada üzərində yanıq izləri olan qadın meyitinin məşhur “TikTok” bloqeri Sonya Bellinaya məxsus ola biləcəyi bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Nəşrin sorğusuna cavab verən prokuror bildirib ki, aşkarlanan meyitin böyük ehtimalla 29 yaşlı bloqer Sonya Bellinaya məxsus olduğu güman edilir.
Meyit avqustun 12-də Fransanın Nim şəhəri yaxınlığındakı üzüm bağında fermer tərəfindən aşkarlanıb. Fermer bundan sonra polisə məlumat verib.
Hadisədən sonra sosial şəbəkələrdə ölən şəxsin “TikTok”da 260 minə yaxın izləyicisi olan Sonya Bellina ola biləcəyi barədə məlumatlar yayılıb.
Bloqerin bacısı meyitin yaxınlığında tapılan əşyalar arasında Sonyaya məxsus üzüyün də olduğunu bildirib. Prokurorluq isə hələlik bu məlumatı təsdiqləməyib.
Meyitin kimliyinin dəqiq müəyyənləşdirilməsi üçün aparılan DNT analizinin nəticələrinin avqustun 21-də açıqlanacağı gözlənilir.