BAKI, 20 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı elan etdiyi “iqtisadi müharibə və təcrid” siyasətinin başlanmasını İkinci Dünya müharibəsi zamanı müttəfiq qüvvələrin Normandiyaya çıxarılması ilə müqayisə edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

“Bu, iqtisadi ‘D günü’ olacaq. İran təhdidini təcrid etmək və məğlub etmək üçün bütün müttəfiqlərimizin ABŞ-nin tərəfində dayanmasına ehtiyacımız var”, - Tramp bildirib.

ABŞ Prezidenti İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini də vurğulayıb.

“İran heç vaxt nüvə silahına sahib olmayacaq”, - Tramp qeyd edib.

Xatırladaq ki, “D günü” ifadəsi 1944-cü il iyunun 6-da ABŞ, Böyük Britaniya və digər müttəfiq qüvvələrin Fransanın Normandiya sahillərinə çıxması ilə başlayan genişmiqyaslı hərbi əməliyyata istinad edir.