BAKI, 20 avqust. TELEQRAF

ABŞ Quru Qoşunları Avropada cəmi yarım ildən bir qədər çox əvvəl yaradılan və pilotsuz uçuş aparatlarının döyüş tətbiqi üzrə ixtisaslaşan batalyonun fəaliyyətini hazırkı formatda dayandırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, yeni ABŞ batalyonu yanvar ayında Avropada yerləşdirilib. Bölmənin əsas vəzifəsi pilotsuz uçuş aparatları və yerüstü robotların döyüş şəraitində tətbiqinin sınaqdan keçirilməsi olub.

Planlaşdırılırdı ki, amerikalı hərbçilər Ukraynadakı döyüş təcrübəsini öyrənəcək, həmçinin Rusiyaya qarşı mümkün qarşıdurma üçün qabaqcıl hərbi sistem və taktikanın hazırlanmasına töhfə verəcəklər.

WSJ yazır ki, batalyonun bəzi hərbçiləri Kiyevə səfər edərək ukraynalı həmkarları ilə görüşüb, NATO qüvvələrinin döyüş hazırlığı zonalarında Ukraynanın dron operatorları ilə əməkdaşlıq ediblər.

Bölmə avqust və sentyabr aylarında Almaniyada keçiriləcək genişmiqyaslı hərbi təlimlərdə iştirak edəcək. Bundan sonra batalyon əldə etdiyi nəticələri ABŞ Quru Qoşunlarının rəhbərliyinə təqdim edəcək və pilotsuz sistemlər üzrə ixtisaslaşmasını dayandıracaq.

ABŞ Quru Qoşunlarının nümayəndəsinin sözlərinə görə, bölmə bundan sonra hava-desant batalyonu kimi əsas döyüş vəzifələrinə yenidən istiqamətləndiriləcək.

WSJ qeyd edir ki, qərar ABŞ Quru Qoşunlarında “əsaslara qayıdış” yanaşması ilə əlaqələndirilir. Pilotsuz sistemlər üzrə ixtisaslaşmadan imtina bəzi hərbi ekspertlərin tənqidinə səbəb olub. Onların fikrincə, qərar ABŞ ordusunun pilotsuz sistemlər sahəsində liderlik imkanlarına mənfi təsir göstərə bilər.