BAKI, 20 avqust. TELEQRAF
Amerikalı prodüser və reper Şon Kombsa (P. Diddi) 1996-cı ildə reper Tupak Şakurun öldürülməsi ilə əlaqədar ittiham irəli sürülə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Nəşrin məlumatına görə, prokurorlar “Compton Crips” qruplaşmasının keçmiş lideri Dueyn Kit Devisin Tupak Şakurun qətlinin təşkilində iştirakını sübuta yetirə bilsələr, istintaq çərçivəsində Şon Kombsa qarşı da ittiham irəli sürülməsi mümkün ola bilər.
Avqustun 18-də Tupak Şakurun qətli ilə bağlı məhkəmə prosesinin ilk iclası keçirilib. Devis ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmə prosesinin təxminən bir ay davam edəcəyi gözlənilir. 63 yaşlı Devis təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyə bilər.
2023-cü ildə Devisin evində aparılan axtarış zamanı bir neçə kompüter, fotoşəkillər və Tupak Şakurla əlaqəli materiallar müsadirə edilib. O, həmin il həbs olunub.
Həbsindən sonra Devis Tupakın qətlinin sifarişçisinin P. Diddi olduğunu iddia edib. Şon Kombsa bu məsələ ilə bağlı ittiham irəli sürülməyib və Devisin iddiasının məhkəmədə sübuta yetirildiyi barədə məlumat yoxdur.
Xatırladaq ki, 1996-cı il sentyabrın 7-də Las-Veqasda Tupak Şakurun olduğu avtomobil atəşə tutulub. 25 yaşlı reper aldığı güllə yaralarından sentyabrın 13-də vəfat edib.