BAKI, 20 avqust. TELEQRAF
Britaniya şahzadəsi Harri həyat yoldaşı Meqan Markl və uşaqları ilə birlikdə ABŞ-yə köçməsindən altı il sonra yenidən Böyük Britaniyada yaşamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Nəşrin məlumatına görə, ailənin avqustun sonunadək kral ailəsinə məxsus olmayan iqamətgaha köçəcəyi gözlənilir. Evin Londondan kənarda yerləşdiyi ehtimal olunur.
Bildirilir ki, cütlüyün yeddi yaşlı oğlu şahzadə Arçi və beş yaşlı qızı şahzadə Lilibet artıq Britaniyadakı məktəblərdən birinə qeydiyyata alınıblar. Onların sentyabrda təhsilə başlamaları nəzərdə tutulur.
“The Guardian” yazır ki, Böyük Britaniya kralı III Çarlz da Harri və Meqanın qərarı barədə məlumatlandırılıb.
Bununla belə, cütlüyün Britaniyaya qayıtdıqdan sonra kral ailəsinin rəsmi vəzifələrinin icrasına geri dönməyəcəyi bildirilir.
Qeyd edək ki, Harri və Meqan 2020-ci ildə kral ailəsinin yüksək vəzifəli üzvləri statusundan imtina edərək Böyük Britaniyanı tərk etmiş və ABŞ-yə köçmüşdülər.