BAKI, 20 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında həyata keçirilən dəniz blokadasının effektiv olduğunu və hazırda boğazın gəmiçilik üçün açıq qaldığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Hazırda Hörmüz boğazı açıqdır. Oradan çoxlu sayda gəmi keçir. Bu barədə məlumat verilmir. Müəyyən məqamda gəmilərin hərəkəti bir qədər yavaşlaya bilər, amma hazırda boğazdan çoxlu gəmi keçir”, - ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin həyata keçirdiyi dəniz blokadası son dərəcə effektiv olub.

“Blokada 100 faiz uğurlu oldu. Heç bir gəmi İrana daxil olmadı, lakin onlar digər istiqamətlərə gedə bildilər. Bundan sonra nə olacağını görəcəyik”, - Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran İslamabadın vasitəçiliyi ilə bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmaların şərtlərini pozmaqda ittiham edərək ölkəyə genişmiqyaslı zərbələri bərpa edib.