BAKI, 20 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp administrasiyası Qəzza sektorunda yaradılması təklif olunan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə (ISF) 206 milyon dollardan çox vəsait ayırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi bildirişlərə istinadən məlumat yayıb.
Sənədlərə əsasən, vəsaitin 200 milyon dolları qüvvələrin avadanlıqla təminatı, infrastrukturun yaradılması, nəqliyyat və əməliyyat xərclərinə yönəldiləcək.
Daha 6 milyon dolların isə ABŞ-yə məxsus zirehli texnikanın ISF-in ehtiyaclarına uyğunlaşdırılmasına sərf olunması nəzərdə tutulur.
“Reuters” qeyd edir ki, bu, Tramp administrasiyasının Qəzzanın bərpası planı çərçivəsində ABŞ tərəfindən nəzərdə tutulan ilk böyük maliyyələşdirmədir.
Dövlət Departamentinin bildirişlərindən birində qeyd olunur ki, Beynəlxalq Sabitləşdirmə Qüvvələri təhlükəsizlik əməliyyatlarına rəhbərlik edəcək, hərtərəfli demilitarizasiya prosesini dəstəkləyəcək, həmçinin Qəzzaya humanitar yardım və bərpa materiallarının təhlükəsiz çatdırılmasını təmin edəcək.