BAKI, 20 avqust. TELEQRAF

ABŞ-nin "OpenAI" şirkəti 2027-ci ildə ilkin kütləvi səhm yerləşdirməsi (IPO) keçirərək açıq səhmdar şirkətə çevrilməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə CNBC "OpenAI"ın maliyyə direktoru Sara Frayarın açıqlamasına istinadən məlumat yayıb.

Frayar şirkət əməkdaşlarının ümumi toplantısında bildirib ki, IPO "OpenAI" üçün son məqsəd deyil, kapitalın cəlb olunması prosesinin növbəti mühüm mərhələsidir.

Onun sözlərinə görə, "OpenAI" mart ayında 122 milyard dollar vəsait cəlb etdikdən sonra əhəmiyyətli maliyyə çevikliyi əldə edib.

CNBC-nin məlumatına görə, "OpenAI" IPO keçirmək üçün sənədləri hələ iyun ayında məxfi qaydada ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim edib. Şirkətin biznesində artım sürətlənəcəyi təqdirdə birjaya çıxışın 2027-ci ildən daha əvvəl baş tutması da istisna edilmir.

Frayar əməkdaşları "OpenAI"ın əsas rəqiblərindən olan "Anthropic"in birjaya daha tez çıxa biləcəyi ilə bağlı narahat olmamağa çağırıb və şirkətin “öz yolu ilə getdiyini” vurğulayıb.

Telekanal qeyd edir ki, IPO-ya hazırlıq fonunda "OpenAI" qarşısında şirkətin 852 milyard dollarlıq qiymətləndirilməsini əsaslandırmaq vəzifəsi dayanır. CNBC-nin məlumatına əsasən, "OpenAI"ın illik gəlir tempi son dövrdə 40 milyard dolları ötüb, korporativ istiqamətdən əldə edilən gəlir isə cari rübdə təxminən 50 faiz artıb