BAKI, 9 aprel. TELEQRAF

ABŞ - İran danışıqlarının uğuru üçün tərəflərin barışdırıcı, çevik, səbirli və konstruktiv yanaşma nümayiş etdirməsi vacibdir.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Hakan Fidan müvəqqəti atəşkəslə bağlı əldə olunan razılaşmaları müsbət qarşıladıqlarını qeyd edib. O bildirib ki, atəşkəsin xüsusilə Livan da daxil olmaqla tam şəkildə tətbiqi vacibdir və bu proses davamlı sülhə gətirib çıxarmalıdır.

Türkiyə XİN başçısı əlavə edib ki, bu nəticələr yalnız dialoq, diplomatiya və qarşılıqlı etimadın bərpası ilə mümkündür. Tərəflər Pakistanda keçiriləcək danışıqlarda da konstruktiv yanaşma sərgiləməlidir.

Hakan Fidan həmçinin İsrailin danışıqlar prosesini poza biləcək addımlarına qarşı diqqətli olmağın vacibliyini vurğulayıb. Mümkün təxribatlara qarşı hazırlıqlı olmaq və bölgədə yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Türkiyənin isə bu prosesdə fəal rol oynamağa hazır olduğu qeyd edilib.