BAKI, 6 mart. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatası administrasiyanın qanunverici orqanın icazəsi olmadan İrana qarşı silahlı qüvvələrdən istifadə etməsini qadağan edən qətnaməni qəbul etməyib.
Teleqraf xəbər verir ki, səsvermənin nəticələrinə görə, sənədin lehinə 212 konqresmen, əleyhinə isə 219 konqresmen səs verib.
Bundan əvvəl oxşar qətnamə prosedur səsverməsi zamanı ABŞ Senatında da qəbul edilməmişdi.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində Tehran da daxil olmaqla ölkənin ən böyük şəhərləri hədəfə alınıb.
Ağ Ev hücumları Tehrandan qaynaqlandığı iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə buna cavab olaraq İsraildəki hədəflərə zərbələr endirildiyini açıqlayıb.
Eyni zamanda ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı obyektlərinə də hücumlar həyata keçirildiyi bildirilib.
İran ərazisinə endirilən zərbələr nəticəsində ölkənin ali lideri ayətullah Əli Xamenei və islam respublikasının rəhbərliyində təmsil olunan bəzi yüksək vəzifəli şəxslərin həlak olduğu qeyd olunur.