BAKI, 5 mart. TELEQRAF

ABŞ Konqresinin Senatı administrasiyanın qanunverici hakimiyyətin icazəsi olmadan İrana qarşı hərbi gücdən istifadə etməsini qadağan edən qətnaməni qəbul etməyib.

Teleqraf xəbər verir ki, məlumata görə, sənəd üzrə keçirilən prosedur səsverməsində 47 senator qətnaməni dəstəkləyib, 52 senator isə əleyhinə səs verib. Sənədin qəbul olunması üçün Senatın sadə səs çoxluğu tələb olunurdu.

Qeyd olunur ki, hazırda Respublikaçılar Partiyasının nəzarətində olan Senatda sənədin həm prosedur, həm də yekun səsvermədə qəbul olunması üçün qanunvericilərin əksəriyyətinin dəstəyi lazım idi.

Gözlənilir ki, oxşar sənəd üzrə səsvermə cümə axşamı ABŞ Konqresinin Nümayəndələr Palatasında da keçiriləcək. Həmin palata da ölkə prezidenti Donald Trampın partiya yoldaşlarının nəzarətindədir.

“Washington Post” qəzeti daha əvvəl belə sənədlərin Konqresdə dəstək qazanmasının çətin olduğunu proqnozlaşdırmışdı. Qətnamə qəbul edilsə belə, ABŞ prezidentinin ona veto qoymaq səlahiyyəti var.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisinə qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində Tehran da daxil olmaqla bir sıra böyük şəhərlər hədəfə alınıb.

Ağ Ev hücumları Tehrandan qaynaqlandığı iddia olunan raket və nüvə təhdidi ilə əsaslandırıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə buna cavab olaraq genişmiqyaslı əməliyyat başladığını və İsraildəki hədəflərə zərbələr endirdiyini açıqlayıb.

Eyni zamanda ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı obyektlərinə də hücumlar həyata keçirildiyi bildirilir.

İran ərazisinə endirilən zərbələr nəticəsində ölkənin ali lideri ayətullah Əli Xamenei və islam respublikasının rəhbərliyində təmsil olunan bəzi digər yüksək vəzifəli şəxslərin həlak olduğu qeyd olunur.