BAKI, 26 noyabr. TELEQRAF
Gürcüstan parlamenti Mixail Saakaşvilinin prezidentliyi dövründə Cənubi Osetiyanın müvəqqəti administrasiyasını təsis edən qanunların ləğvi təşəbbüsünü birinci oxunuşda təsdiqləyib.
Teleqraf xəbər verir ki, qanun layihəsinin lehinə 86 deputat, əleyhinə isə bir deputat səs verib. “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının hazırladığı sənədə əsasən, Saakaşvilinin dövründə yaradılmış struktur 2026-cı il yanvarın 1-də fəaliyyətini dayandıracaq.
Noyabrın 17-də parlamentin spikeri Şalva Papuaşvili hökumətin Cənubi Osetiya administrasiyasını buraxmaq planlarını açıqlayıb. O qeyd edib ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır: "Əəvvəlki hakimiyyət orqanlarının “Cənubi Osetiya” ifadəsini işlətməsi konstitusiyaya və milli maraqlara xəyanətdir. 2007-ci ildə administrasiyanın yaradılması 1990-cı ildə ləğv edilmiş Cənubi Osetiya muxtar vilayətinin sərhədlərinin bərpasına səmərəli töhfə verib və bu, 2008-ci il hadisələrinə səbəb olan amillərdən biri olub".
Qeyd edək ki, Cənubi Osetiya administrasiyası 2007-ci ildə yaradılıb və Tbilisidə yerləşir.