BAKI, 23 noyabr. TELEQRAF
ABŞ və onun müttəfiqləri Ukraynada müharibənin mümkün sülh razılaşması ilə başa çatacağı halda, ölkənin şərqində təmas xətti boyunca yüksək texnologiyalı “təhlükəsizlik divarı” qurmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” adını açıqlamadığı amerikalı rəsmiyə istinadən xəbər verib.
Mənbənin sözlərinə görə, layihə təfərrüatları açıqlanmasa da, bu “divar”ın yaradılmasında müasir müşahidə və nəzarət texnologiyalarından istifadə nəzərdə tutulur. Həmin rəsmi həmçinin bildirib ki, media məlumatlarında əksini tapan iddiaların əksinə olaraq, Tramp administrasiyası Kiyevlə kəşfiyyat məlumatlarının bölüşdürülməsinə tam şəkildə davam etmək niyyətindədir.
Qərb mediasında dərc olunan məlumatlara görə, müzakirə olunan sülh planı çərçivəsində ABŞ və bir sıra ölkələr Rusiyanın Krım, Donbas və digər bəzi ərazilər üzərində suverenliyini tanımalı, əvəzində isə Ukraynaya ABŞ və Avropa tərəfindən təhlükəsizlik zəmanətləri verilməlidir. Təklifə görə, Ukrayna ordusunun ölçüsünün azaldılması, uzun mənzilli silahlardan imtina və ölkə ərazisində xarici qoşunların yerləşdirilməsinə qadağa da nəzərdən keçirilir.
Qeyd olunur ki, plan çərçivəsində təmas xəttinin bəzi hissələrinin “dondurulması”, bəzi rayonların isə Ukraynaya qaytarılması ehtimalı da müzakirə mövzusudur. ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların mərhələli şəkildə aradan qaldırılması variantı da gündəmdədir.