BAKI, 17 noyabr. TELEQRAF
Böyük Britaniya qeyri-qanuni miqrantların geri qaytarılması ilə bağlı əməkdaşlıq etməyən üç Afrika ölkəsinə vizaların verilməsini dayandırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzeti Britaniya Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət Anqola, Namibiya və Konqo Demokratik Respublikasından gedir. Bu ölkələr Britaniyada qeyri-qanuni yaşayan təxminən 4 min vətəndaşını geri qəbul etməkdən imtina edib. Məqalədə bildirilir ki, 13 noyabrda Britaniya DİN Londondakı səfirlikləri bu ölkələrə bir ay ərzində deportasiya məsələsində daha fəal əməkdaşlıq göstərməsələr, vizaların verilməsini sərtləşdirilə biləcəkləri ilə bağlı xəbərdarlıq edib.
İlk mərhələdə diplomatik heyət və digər imtiyazlı şəxslərin sürətli viza alma hüququnun ləğvi nəzərdə tutulur. Bu şəxslər adi qaydada müraciət etməli və ümumi növbədə gözləməli olacaqlar. Növbəti mərhələdə isə məhdudiyyətlər göstərilən ölkələrin bütün vətəndaşlarına şamil oluna bilər və hətta tam viza qadağasına qədər gedə bilər. Qəzet yazır ki, gələcəkdə Hindistan, Pakistan, Nigeriya, Banqladeş, Somali və Gabon kimi deportasiya məsələsində əməkdaşlığa meylli olmayan digər ölkələr də siyahıya daxil edilə bilər.
“Biz Böyük Britaniyada qaydalara uyğun hərəkət edirik. Cinayətkarlarını və qeyri-qanuni miqrantlarını geri qəbul etmək istəməyən ölkələr üçün tədbirlər tətbiq olunacağını demişdimsə, bunu ciddi şəkildə nəzərdə tuturdum. Xarici hökumətlərə mesajım aydındır: vətəndaşlarınızı geri qəbul edin, əks halda ölkəmizə daxil olmaq imtiyazını itirəcəksiniz,” - Britaniya daxili işlər naziri Şabana Mahmud bildirib.