BAKI, 15 oktyabr. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2025-ci ildə qlobal humanitar ehtiyaclar üçün tələb olunan 45,3 milyard dollardan yalnız 21 faizinin (təxminən 9,6 milyard dolların) toplanıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Fərhan Haq gündəlik mətbuat brifinqində məlumat verib.
Onun sözlərinə görə, maliyyələşmə səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çox azalıb.
“İlin sonuna üç aydan az vaxt qalsa da, 2025-ci il üçün elan etdiyimiz yardım çağırışının dörddə birindən azı təmin edilib. Bu, milyonlarla insan üçün dağıdıcı nəticələrə gətirib çıxarır, insanlar səhiyyə, qida və təhsildən məhrum qalır”, - deyə Haq bildirib.
Məlumata görə, maliyyə çatışmazlığı nəticəsində bu il Əfqanıstanda 420-dən çox tibb müəssisəsi bağlanıb, Somalidə avqustda 1,1 milyon nəfərə çatdırılan qida yardımı noyabrda 350 min nəfərə enəcək. Banqladeşdə isə yarım milyon rohinca uşağı təhsildən məhrum olub.
BMT beynəlxalq ictimaiyyəti humanitar yardımların artırılmasına çağırıb və xəbərdarlıq edib ki, mövcud maliyyə böhranı milyonlarla insanın həyatı üçün birbaşa təhlükə yaradır.