BAKI, 9 avqust. TELEQRAF
Hindistan ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərə cavab olaraq bu ölkədən silah alışını dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bu, ABŞ Prezidenti Donald Trampın ixrac tarifləri tətbiq etməsindən sonra Hindistanın narazılığının ilk konkret əlamətidir.
Hindistanın müdafiə naziri Racnat Sinqh ölkənin Hərbi Dəniz Qüvvələri üçün 6 ədəd “Boeing P8I” kəşfiyyat təyyarəsinin və köməkçi sistemlərin alınması elan etmək üçün yaxın zamanda ABŞ-yə səfər etmək niyyətində idi, lakin bu səfər ləğv edilib. Sövdələşmənin 3,6 milyard dollar dəyərində olduğu bildirilir.
Bundan başqa, Hindistan və ABŞ arasında "Stryker" döyüş maşınlarının və “Javelin” tank əleyhinə raketlərin alınması ilə bağlı danışıqlar da tariflər səbəbindən dayandırılıb.
Hindistan hökuməti isə danışıqların dayandırılması barədə mətbuatda yayılmış xəbərlərin həqiqəti əks etdirmədiyini bəyan edib. Bəyanatda həmçinin qeyd olunur ki, alışlar "mövcud prosedurlara" uyğun olaraq həyata keçirilir.