BAKI, 24 iyun. TELEQRAF

İrandan atılan və hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan raketlərin dağıntıları Qətərin bir neçə bölgəsinə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyinin sözçüsü Cabir əl-Nuaimi bildirib.

O, İranın Qətərdə ABŞ-nin rəhbərlik etdiyi Əl- Udeyd aviabazasına endirdiyi zərbələrdən sonra bazar ertəsi axşam keçirdiyi mətbuat konfransında deyib: "Milli Komandanlıq Mərkəzi yaşayış məntəqələrinə dağıntıların düşməsi barədə məlumat alıb. Dağıntılar kiçik yanğınlara səbəb olub, yanğınlar söndürülüb. Tələfatın olmadığını təsdiq edirik".

Qeyd edək ki, ötən gün axşam İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Amerikanın Qətərdəki Əl-Udeyd aviabazasına raket zərbəsi endirib. Qətər Silahlı Qüvvələri İrandan 19 raket buraxılışını qeydə alıb, onlardan 7-si hava hücumundan müdafiə sistemləri tərəfindən vurularaq dənizə düşüb, 11-i ölkə ərazisinə, 1-i Əl-Udeyd bazasına düşüb.