BAKI, 22 may. TELEQRAF
Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının dünən Macarıstanda (Budapeşt) keçirilən qeyri-rəsmi zirvəsində təşkilatın müşahidəçi üzvü Şimali Kipr Türk Cümhuriyyətinin qatılmaması müzakirə mövzusuna çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə “BBC Türçe” məlumat yayıb.
“Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və ev sahibi Macarıstanın qatıldığı zirvəyə TDT-nin müşahidəçi üzvü statusuna malik Şimali Kiprin qatılmaması diqqət çəkib. Rəsmi açıqlama verilməsə də, Macarıstanın Avropa İttifaqı, Kipr Respublikası (adanın yunan tərəfi) və Yunanıstanın reaksiyalarından yayınmaq üçün Şimali Kipr Türk Cümhuriyyətinin lideri Ersin Tatarı dəvət etməkdən çəkindiyi düşünülür”, - məlumatda deyilir.