BAKI, 14 aprel. TELEQRAF

Ukrayna ABŞ-dən 10 ədəd “Patriot” zenit-raket kompleksi almağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News” kanalına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, bunun üçün 15 milyard dollar ödəməyə razı olsalar da, Vaşinqton bu sistemlərin satışından imtina edir.

Onun sözlərinə görə, ölkəsinin azı 10 “Patriot” sisteminə ehtiyacı var.

“Biz bu 10 sistemi ABŞ-dən almağa və bunun üçün 15 milyard dollar ödəməyə hazırıq. Bu pulu tapacağıq və tam şəkildə maliyyələşdirəcəyik”, - Zelenski qeyd edib.

Xatırladaq ki, Zelenski daha əvvəl də ABŞ-dən böyük silah paketi almağa hazır olduqlarını, bu paketə “Patriot” sistemlərinin də daxil olduğunu söyləmişdi. Amma məbləğ və vəsait mənbələrini açıqlamamışdı. İndi isə prezident bu sistemlərin Avropa tərəfdaşlarının dəstəyi ilə alınacağını bildirir.

Rusiya dəfələrlə bəyan edib ki, Ukraynanın Qərb tərəfindən silahla təmin olunması münaqişənin uzanmasına səbəb olur.