.jpg)
BAKI, 9 aprel. TELEQRAF
Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) bloku və Almaniya Sosial Demokrat Partiyası (SPD) koalisiya sazişi imzalamaq barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın "NTV" telekanalı məlumat yayıb.
“Federal seçkilərdən beş həftə sonra CDU/CSU və SPD koalisiya razılaşması barədə razılığa gəliblər”, - deyə bəyanatda bildirilir.
Jurnalistlərin bildirdiyinə görə, CDU/CSU və SPD danışıqların nəticələrini çərşənbə günü, aprelin 9-da elan etməyi planlaşdırır. Bununla belə, tərəflərin müzakirə edəcəyi bəzi detallar var.
Qeyd edək ki, hər iki partiya seçki kampaniyası dövründə bir-birini sərt şəkildə tənqid edib. Tərəflər arasında miqrasiya siyasəti, borc məhdudiyyəti və Rusiya-Ukrayna müharibəsi kimi mövzularda ciddi fikir ayrılığı var. Fevralın 23-də keçirilmiş federal seçkilərdə 28,52 faiz səslə birinci olan CDU/CSU ittifaqı Bundestaqdakı 630 deputat mandatından 208-nə sahib olub. Seçkilərdə 16,41 faiz səs toplayan SPD isə 120 deputat yerinə malikdir. Hökumətin qurulması üçün parlamentdə ən azı 316 deputat mandatına sahib olmaq lazımdır.
İfrat sağçı Almaniya üçün Alternativ partiyası (AfD) seçkilərdə 20,8 faiz səslə ikinci olsa da, digər partiyaların onunla eyni koalisiyada yer almağı rədd etməsi AfD-nin hökumətdə təmsil olunmaq ehtimalını azaldır.