
Böyük Britaniya kraliçası II Yelizavetanın böyük oğlu Uels şahzadəsi Çarlz xeyriyyə fondu üçün Qətərin keçmiş baş naziri Həməd bin Casim Al Tanidən 3 milyon avro alıb.
Teleqraf.com “The Sunday Times” qəzetinə istinadən xəbər verir ki, ianələr 2011-2015-ci illər arasında nağd formada köçürülüb. Şahzadə Çarlzın pulu üç dəfə qəbul etdiyi hələ ki, dəqiqləşdirilir. Bildirilir ki, görüşlərdən biri Britaniya kral ailəsi üzvlərinin Vestminster iqamətgahı Klarens Hausda keçirilib.
O zaman çamadan pulu əllə sayan sarayın iki əməkdaşına təhvil verilib. Çamadanda 500 avroluq əskinaslar olub. Halbuki həmin əskinasları Avropa Mərkəzi Bankı qeyri-qanuni və ya fırıldaqlarda tez-tez istifadə etdiyinə görə dövriyyədən çıxarıb. Sonra ianə kral ailəsinə xidmət edən “Coutts Bank”-a yönləndirilib və fondun hesabına köçürülüb.