Türkiyənin paytaxtı Ankarada baş verən güclü külək, leysan və yaranmış selin yaratdığı problemlər aradan qaldırılır.
Teleqraf.com xəbər verir ki, təbii fəlakət nəticəsində onlarla avtomobilə, yaşayış binasına və bir sıra tikililərə zərər dəyib, bir nəfərin meyiti sel sularında aşkarlanıb.
Vəziyyətlə bağlı Ankara valisi Vasip Şahin yerli mediaya açıqlamasında bildirib ki, ev, iş yerləri və yollar daxil olmaqla 300 bölgədə sel basqını, 35 ağac və 3 elektrik dirəyinin aşması, 23 çardaq uçması mövcuddur. Müxtəlif səbəblərdən köməksiz qalan 35 nəfərə xilasedici xidmət göstərilib. Bir ərazidə yüksək mərtəbəyə əşya qaldıran səyyar lift başqa binanın üstünə aşıb.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Ankara Böyükşəhər bələdiyyəsinin qüvvələri xilasedici, təmizlik və bərpa işlərinə cəlb olunub. İncesu və Karapürçek bölgələrində təhlükədə olan beş uşağın həyatı xilas edilib.
Çankaya rayonunun Kırkkonaklar bölgəsində tunelləri və yeraltı keçidləri su basıb. Şəhərin əksər səmtlərində nəqliyyatın hərəkətində problem yaranıb.
Əlverişsiz hava şəraiti, o cümlədən güclü yağışlar ölkənin müxtəlif bölgələrində davam edir.