BAKI, 22 iyun. TELEQRAF
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Mavriki Respublikasına səfərə yola düşür.
Bu barədə Teleqraf-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, səfərdə məqsəd “Dinlər Sülh Uğrunda” təşkilatının 2026-cı il Ümumdünya Şurasının 23-26 iyun tarixlərində Mavrikidə keçiriləcək “Müştərək Mübarək Tərəqqiyə Doğru Yolların Qurulması” mövzusunda toplantısında iştirak etməkdir.
Səfər “Dinlər Sülh uğrunda”təşkilatının Baş Katibi Dr. Frensis Kurianın dəvəti ilə baş tutur. Şeyxülislam A. Paşazadə 2025-ci ildə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının həmprezidenti seçilib və builki toplantıda məhz bu statusda iştirak edəcəkdir.
Şeyxülislam A. Paşazadə mötəbər toplantının açılışında çıxış edəcək, “Süni İntellekt — İnsan Hüquqları, Ləyaqəti və Süni İntellektin Çoxdinli Perspektivləri" sessiyasında moderator olacaqdır.
“Dinlər Sülh uğrunda” təşkilatı yarım əsrdən artıq tarixə malik, dünyanın ən böyük və genişşaxəli beynəlxalq dinlərarası sülhməramlı qurumudur.
Beynəlxalq tədbir çərçivəsində QMİ sədri A. Paşazadənin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.