AĞDAM, 15 aprel. TELEQRAF
Ağdam rayonunun Quzanlı qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans işə başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, tədbirdə Dövlət Komitəsinin və Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, tanınmış ilahiyyatçılar və dini icma sədrləri iştirak edirlər.
Konfransın açılışında çıxış edən rəsmilər Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən ardıcıl siyasətin əhəmiyyətini önə çəkiblər. Vurğulanıb ki, bu istiqamətdə hüquqi baza daim təkmilləşdirilir. Tədbirin əsas qayəsi mövcud qanunvericiliyin gücləndirilməsi, institusional mexanizmlərin effektivliyinin artırılması və dini radikalizmin qarşısının alınması üçün profilaktik tədbirlərin genişləndirilməsidir.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, bu gün Ağdamda aparılan bərpa və yenidənqurma işləri Azərbaycan dövlətinin tarixi ədalətin bərpasına yönəlmiş siyasətinin tərkib hissəsidir.
Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir, dini və mədəni abidələr, o cümlədən Qiyaslı məscidi bərpa olunur.
Qeyd olunub ki, bu proses yalnız fiziki infrastrukturun yenilənməsi deyil, həm də milli-mənəvi dəyərlərin dirçəldilməsi və tarixi yaddaşın bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi vurğulanıb. Fondun vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə mədəni və dini irsin bərpası davam etdirilir.
Çıxışlarda həmçinin qeyd olunub ki, müasir dövrdə dini radikalizm təkcə real mühitdə deyil, rəqəmsal platformalarda da yayılmağa çalışır və buna qarşı mübarizə kompleks yanaşma tələb edir.
Sonda vurğulanıb ki, aparılan bərpa və quruculuq işləri Azərbaycanın sülhə, tolerantlığa və milli həmrəyliyə əsaslanan dövlət siyasətinin bariz nümunəsidir.
Konfrans çərçivəsində “Dəyişən dünyada dövlətin din siyasətinin prioritetləri” və “Dini radikalizm ictimai-siyasi sabitliyə təhdid kimi” mövzularında panel iclaslarının keçirilməsi planlaşdırılır. Bu müzakirələrdə maarifləndirmə işinin prioritetləri və ictimai sabitliyin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Ramin Məmmədovun rəhbərlik etdiyi Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərin qorunması və dini təhlükəsizliyin təmini məqsədilə analoji tədbirlər ölkənin müxtəlif bölgələrində mütəmadi olaraq davam etdirilir.