BAKI, 6 iyun. TELEQRAF

"Qareginlə görüşməyi özümə yaraşdırmıram".

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

"Qaregin din xadimi sifətindən başqa siyasi sifətə bürünüb. Din adamının siyasətə bu qədər qoşulması düzgün deyil. Ona görə də, hələki onunla görüşmək planım yoxdur", - A.Paşazadə bildirib.

Qeyd edək ki, söhbət Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregindən gedir.

Son günlərdə erməni kilsəsi və II Qaregin ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında münasibətlər gərginləşib. Ermənistan hökumətinin başçısı katolikosu siyasi proseslərə müdaxilədə ittiham edib. Həmçinin Paşinyan II Qarageni subaylıq andını pozmaqda və övladının olmasında günahlandırıraq, bu fakt üzə çıxacağı təqdirdə onun artıq bütün ermənilərin katolikosu ola bilməyəcəyini açıqlayıb.