
BAKI, 18 mart. TELEQRAF
Milli Məclis bir neçə qanuna təklif olunan dəyişiklik layihəsini birinci oxunuşda təsdiqləyib.
Teleqraf xəbər verir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlara təklif olunan dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.
Təklif olunan dəyişikliyə əsasən, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.
Reklam daşıyıcısının xüsusiyyətlərindən asılı olaraq reklam olunan əmtəə barədə ətraflı məlumatın verilməsi məqsədilə reklamda müvafiq keçidlərdən, eləcə də qısa nömrələrdən istifadə oluna bilər. Bu halda reklam olunan əmtəə barədə müvafiq keçidlərdən istifadə etməklə verilən məlumat reklamda istifadə olunan məlumata zidd olmamalı, onun tamlığına xələl gətirməməlidir. Reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısı tərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir.
Qüvvədə olan qanunvericilikdə istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.
Bundan başqa, mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq. Belə ki, mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədən onların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lər, reklam daşıyıcısı olan rəqəmsal platforma – reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri, o cümlədən rəqəmsal platforma təsirçisi – maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs daxil edilir.
Həmçinin rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı qadağan olunur. “Reklam haqqında” qanun Azərbaycan Respublikasının ərazisində olan reklam istehlakçılarına ünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarına da şamil ediləcək. Beləliklə, rəqəmsal platforma təsirçisi reklam subyektləri sırasına daxil edilir. Rəqəmsal platforma təsirçisi dedikdə maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs nəzərdə tutulur. Rəqəmsal platforma təsirçisi sırasına blogerlər və s. daxildir