BAKI, 26 fevral. TELEQRAF
Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna (WUF13) Ermənistanı dəvət etməsi ilə bağlı hazırda məlumat yoxdur.
Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, WUF13 Azərbaycanın müvafiq qurumları ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə keçirəcəyi tədbirdir:
"Təbii ki, tədbirin özünün formatı var və həmin format kontekstində hansı ölkələrin dəvət olunması nəzərdə tutulubsa, buna uyğun da prosedur həyata keçiriləcək. Eyni zamanda, yenilik ondan ibarətdir ki, ilk dəfə tədbir çərçivəsində liderlər sammiti də təşkil olunacaq. Əlbəttə, burada bütün dünya liderləri iştirak etməyəcək. Bu istiqamətdə öz ölkələrində layihələr həyata keçirən, dəstəyə ehtiyacı olan bir çox ölkələr dəvət olunub. Ermənistanın WUF13-ə dəvət olunması ilə bağlı məndə məlumat yoxdur".
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.