BAKI, 10 fevral. TELEQRAF

İran balanslaşdırılmış xarici siyasət strategiyasına uyğun olaraq, qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə, yeni yaranan güclərlə əməkdaşlığın genişləndirilməsinə və mühüm regional-beynəlxalq təşkilatlarda fəal iştiraka xüsusi önəm verir.

Teleqraf xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu İran İslam İnqilabının Qələbəsi Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Səfirin sözlərinə görə, İran regionda və beynəlxalq müstəvidə məsuliyyətli, müstəqil və nüfuzlu bir aktor kimi daim sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin olunması üçün dialoq və çoxtərəfliliyi dəstəkləyib.

O vurğulayıb ki, Tehran bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlara əsaslanan dostluq münasibətlərinin inkişafına çalışır:

“Bu çərçivədə dost, qardaş və qonşu Azərbaycan ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasındakı əlaqələr ortaq tarixi, mədəni, dini və dil yaxınlığına, eləcə də dərin qohumluq bağlarına söykənir”.

Müctəba Dəmirçilu ötən 34 il ərzində İranın Azərbaycanın müstəqilliyinin sarsılmazlığı, milli suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası yolunda hər zaman prinsipial və dəyişməz mövqe nümayiş etdirdiyini bildirib:

“Bu gün hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi nəticəsində münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Prezidentlər və yüksək vəzifəli şəxslər arasındakı davamlı dialoq, xüsusilə enerji və nəqliyyat sahələrindəki birgə iqtisadi layihələr, həmçinin Birgə Komissiyanın mütəmadi görüşləri bu inkişafda həlledici rol oynayır”.

Səfir əminliyini ifadə edib ki, bu müsbət dinamika sayəsində ölkələr arasındakı sarsılmaz tərəfdaşlıq gələcəkdə hər iki xalq üçün daha böyük bəhrələr verəcəkdir.

Qeyd edək ki, fevralın 10-da İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam İnqilabının 47-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.