BAKI, 5 fevral. TELEQRAF

Azərbaycan öz nəqliyyat infrastrukturunu modernləşdirərək regionun əsas logistik mərkəzi kimi mövqeyini möhkəmləndirir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çinin "Global Times"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi modernləşdirmə layihəsi nəticəsində BTQ (Bakı-Tbilisi-Qars) dəmir yolu xəttinin illik yükötürmə qabiliyyəti 1 milyondan 5 milyon tona çatdırılıb:

"Bu artım Şərq-Qərb marşrutu üzrə yüklərin daha sürətli və böyük həcmdə daşınmasına şərait yaradır".

Nazir dəhlizin səmərəliliyinə nümunə kimi Çinin Sian şəhərindən çıxan blok qatarların Bakıya rekord müddətdə - cəmi 11-12 günə çatmasını göstərib: "Bu göstərici dəniz yolu ilə 45-60 gün çəkən daşımalarla müqayisədə Orta Dəhlizi qlobal ticarətdə ən cəlbedici marşrutlardan birinə çevirir".

C. Bayramov vurğulayıb ki, tranzit potensialının artırılması məqsədilə Ələt Beynəlxalq Dəniz Ticarət Limanının gücünün illik 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur:

"Eyni zamanda, "Bir Qurşaq, Bir Yol" təşəbbüsü çərçivəsində gömrük və tranzit əməliyyatlarının tam rəqəmsallaşdırılması prioritet istiqamət kimi müəyyən edilib".

Müsahibədə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi məsələsinə də toxunulub. O, bu marşrutun artıq beynəlxalq səviyyədə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) kimi tanındığını bildirib:

"Mən əminəm ki, yaxın gələcəkdə bu dəhliz Orta Dəhlizin digər mühüm seqmentinə çevriləcək. Bu marşrut təkcə nəqliyyat bağlantısı deyil, həm də regional sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirən və bütün qonşu ölkələrə fayda verən layihə olacaq".