BAKI, 13 yanvar. TELEQRAF
12-15 yanvar tarixlərində Vyana şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) və təşkilata üzv dövlətlərin BMT-nin Vyana Ofisindəki nümayəndəliklərinin birgə təşkilatçılığı ilə "Türk həftəsi" keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Türk həftəsi” BMT-nin Vyana Bölməsində “İpək yolu üzərində türk dünyası” adlı sərginin təntənəli açılış mərasimi ilə başlayıb.
Azərbaycan Vyanada yerləşən Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş sərginin açılış mərasimində TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov, BMT-nin Vyana bölməsindəki bir sıra beynəlxalq təşkilatların rəhbər şəxsləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edib.
Açılış mərasimində TDT-yə hazırda sədrlik edən ölkə - Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Samir Şərifov çıxış edib. S.Şərifov Türk Dövlətləri Təşkilatında Azərbaycanın sədrliyinin prioritetləri haqqında məlumat verib, adıçəkilən təşkilatın yaradılması məqsədilə imzalanmış Naxçıvan sazişindən, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 12-ci Zirvə görüşündə imzalanmış Qəbələ Bəyannaməsindən, habelə Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş bəyannamənin mahiyyətindən bəhs edib. O, türk dövlətlərinin əməkdaşlığının iqtisadi potensialına toxunaraq, "Orta Dəhliz"in şərqlə qərb arasında oynadığı rolu vurğulayıb. S.Şərifov çıxışı çərçivəsində, həmçinin türk dövlətləri arasında mədəniyət, elm və təhsil sahəsində əməkdaşlığın aktual məsələlərinə toxunaraq, ortaq türk mədəni irsinin və dilinin öyrənilməsinə həsr edilmiş ilk Türkoloji Qurultayın 100 il öncə Bakıda keçirildiyini və cari ildə 2-ci Türkologiya Konqresinin də Bakıda keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.
Sərginin açılışı zamanı, o cümlədən Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbek Ömüralıyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNDOC), BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) rəhbər şəxsləri çıxış ediblər.
Sərgidə türk xalqlarının zəngin mədəni irsini və qədim tarixini özündə əsk etdirən fotolar və eksponatlar nümayiş etdirilib.
Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin müavini Samir Şərifov və TDT Baş Katibi Kubanıçbek Ömüralıyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) baş direktoru Rafael Mariano Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin (UNOOSA) direktor müavini Driss El-Hadani və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktorunun müavini Fatu Haydara ilə görüşüb, TDT ilə bu təşkilatlar arasında potensial əməkdaşlıq məsələləri müzakirə olunub.
Bundan əlavə, "Türk həftəsi" çərçivəsində ATƏT-in mənzil qərargahında "İpək Yolundan Orta Dəhlizə: Nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə əlaqəliliyin təşviqi" adlı dəyirmi masanın, türk dövlətlərinin mədəniyyət nümayəndələrinin iştirakı ilə qala konsertin və TDT-nin diaspora potensialının artırılması üzrə üçüncü təlim proqramının keçirilməsi nəzərdə tutulur.