BAKI, 11 avqust. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Energetika Nazirliyinə vəsait ayrılması haqqında sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir. Son illərdə Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilib.
Azərbaycan ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” əsasında inkişaf edir".
Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 2 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Maliyyə Nazirliyi Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.