BAKI, 9 avqust. TELEQRAF

Türkiyə ABŞ-də Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi xüsusi hadisə kimi qiymətləndirir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda Vaşinqton görüşünün regionda davamlı sülh və sabitlik üçün vacib əhəmiyyət kəsb etdiyi qeyd olunur:

"Biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişdən və bununla bağlı bu gün (8 avqust) Vaşinqtonda qəbul edilmiş öhdəlikdən məmnunuq. Beynəlxalq qarşıdurmaların və böhranların getdikcə şiddətləndiyi bir vaxtda atılan bu addım regional sülh və sabitliyin əldə olunması üçün mühüm inkişafdır. Biz ABŞ Administrasiyasının bu prosesə töhfələrini yüksək qiymətləndiririk. Biz Türkiyə olaraq bu fürsəti reallaşdırmaq üçün göstərilən səylərə öz töhfəmizi verməyə davam edəcəyik və Azərbaycanın fədakar səylərini dəstəkləyəcəyik".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.

Yekunda üç ölkə liderinin görüşünə dair Birgə Bəyannamə imzalanıb.