BAKI, 11 iyul. TELEQRAF
"Azərbaycan bundan sonra da ikitərəfli əsasda Ukraynaya humanitar dəstəyini davam etdirəcək".
Teleqraf xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Ukrayna Bərpa Konfransındakı çıxışı zamanı deyib.
Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün ölkəmiz tərəfindən həyata keçirilən tibbi və sosial-psixoloji reabilitasiya proqramından faydalanmış uşaqların sayının ötən ilki Bərpa Konfransından bu günədək iki dəfə artırıldığı və ümumilikdə 330 uşağın sözügedən proqramda iştirak etdiyi bildirilib.
Nazir müavini işğaldan azad olunmuş ərazilərində mina təhdidi ilə mübarizə aparan bir ölkə kimi Azərbaycanın minalardan zərər çəkmiş ölkələrlə həmrəyliyin gücləndirilməsini ardıcıl olaraq dəstəklədiyini qeyd edib. Bu çərçivədə, Azərbaycanın Ukraynaya minatəmizləmə sahəsində yardım göstərdiyini və yaxın zamanda ANAMA xətti ilə müvafiq ehtiyat hissələri və təlimin təmin olunacağı barədə məlumat verib.
Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məktəb binasının, şəhər poliklinikasının və parkın yenidənqurma işlərinin artıq yekunlaşdığı, habelə Kiyev şəhərində park və uşaqlar üçün sığınacağın bərpasının maliyyələşdirildiyi diqqətə çatdılıb. Bununla yanaşı, İrpen şəhərində dörd sosial təyinatlı obyektin inşası ilə bağlı müvafiq işlərin davam etdiyi bildirilib.