BAKI, 20 iyun. TELEQRAF

Natanz ərazisindən kənarda radiasiya səviyyəsi dəyişməyib.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının İran və İsrail arasında gərginliyin artması ilə bağlı fövqəladə iclasında deyib.

"Natanz obyektindən kənarda radiasiya səviyyəsi dəyişməyib və normal olaraq qalır. Bu da əhaliyə və ətraf mühitə heç bir xarici radioloji təsirin olmadığını göstərir. Bununla belə, Natanz obyektinin daxilində radioloji və kimyəvi çirklənmə var. Uran heksafluorid, uranil flüorid və hidrogen flüoridin tərkibində olan uran izotopları obyektin daxilində yayıldığı ehtimal olunur. Əsasən alfa hissəciklərindən ibarət olan radiasiya tənəffüs yolu ilə və ya udulduqda əhəmiyyətli təhlükə yaradır, lakin bu risk tənəffüs cihazlarının istifadəsi kimi müvafiq qoruyucu tədbirlərlə effektiv şəkildə idarə oluna bilər”, - o bildirib.