BAKI, 24 aprel. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Birgə Bəyanata Prezident İlham Əliyev və Çin Sədri Si Cinpin imza atıb.
Bu bəyanatın, ümumən Çinin və bu ölkə ilə strateji tərəfdaşlığın Azərbaycan üçün önəmi nələrdən ibarətdir? Dünyanın böyük güclərindən biri ilə ölkəmizi yaxınlaşdıran nədir?
Baş verənləri “Teleqraf” İnformasiya Agentliyinə şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Çin dünyanın siyasi-iqtisadi mərkəzlərindən biridir və bu, hamı tərəfindən qəbul olunmuş reallıqdır:
“Bu baxımdan, Azərbaycanla bu geosiyasi mərkəz arasında yüksək səviyyəli əlaqələrin qurulması bizim üçün strateji əhəmiyyət kəsb edir. Burada əsas məsələ onunla bağlıdır ki, Azərbaycanla Çin hansı istiqamətlərdə strateji əməkdaşlıq etmək niyyətindədir və bunun əsasları nələrdən ibarət ola bilər?

Çin üçün ondan qərbdə yerləşən ölkələr çox böyük əhəmiyyət kəsb edir, onlar Rusiya və Mərkəzi Asiya dövlətləridir. Mərkəzi Asiya-Çin formatında (5+1) mütəmadi görüşlər keçirilir. Digər güclər də, həmin bölgənin ölkələri də buna oxşar formatlarda görüşlər təşkil edirlər. Əgər hansısa güc o ölkələrlə kommunikasiya qurmaq istəyirsə, Azərbaycanla əlaqə yaratmaq məcburiyyətindədir. Söhbət həm də Çindən gedir.
Şərqlə Qərb, Şimalla Cənub arasında kommunikasiyaların qurulmasında Azərbaycan çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan da xarici siyasətini bu istiqamətlər üzrə qurub və çox aktiv xarici siyasətini həyata keçirir. Bu baxımdan, Çin İlham Əliyevin bu dövlət səfərinə böyük önəm verir. Bu çərçivədə görürük ki, kommunikasiya məsələsində ortaq maraqlar mövcuddur.
Hamıya bəllidir ki, Çin çox aktiv investisiya siyasəti həyata keçirir. Dünyanın müxtəlif bölgələrində Çin investisiyaları çox mühüm rol oynayır. Azərbaycan da potensial olaraq Çin investisiyalarında maraqlıdır. Biz görürük ki, hansısa istehsalın Azərbaycanda təşkili və enerji mənbələrinin istifadəsi imzalanan sənədlərdə əksini tapıb.

Siyasi müstəviyə gəlincə, dediyim kimi, Çin bu baxımdan dünyanın mərkəzlərindən biridir. Pekinin beynəlxalq münasibətlərdəki rolu çox önəmlidir. Təsadüfi deyil ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir, iqtisadi və müdafiə imkanları ən yüksək səviyyədədir. Xarici siyasətdə genişləndirilmiş münasibətlərin koordinasiyası beynəlxalq müstəvidə mühüm məsələlərdən biridir. Ərazi bütövlüyü prinsipinin dəstəklənməsi çox vacibdir. Bu, Çin-Azərbaycan Birgə Bəyanatında da öz əksini tapıb. Başqa sözlə, bizim üçün çox faydalı səfər oldu. Əminəm ki, qısa müddətdə bu səfərlə bağlı yeni məlumatlar da olacaq”.
İlham Əliyevin səfəri Orta dəhliz və bu xəttin tərkib hissəsi olan Zəngəzur dəhlizi məsələlərini də yenidən gündəmə gətirib. Orta dəhlizdə güclənən Çin-Azərbaycan əməkdaşlığı Pekinin Zəngəzura olan yanaşmasına necə təsir göstərəcək? Artıq Çin bu məsələdə Azərbaycanın dəstəkçisi hesab etmək olarmı? Ümumiyyətlə, Pekin Zəngəzuru Orta dəhlizin tərkib hissəsi kimi nəzərdən keçirirmi?
Sabiq nazir qeyd edib ki, Orta dəhliz həm Zəngəzur, həm də digər istiqamətlərdə olan beynəlxalq marşrutdur:
“Azərbaycan bir neçə istiqamətdə bu kommunikasiyaların inkişafına ciddi səylər göstərir və nəticələr də var. Məsələn, Gürcüstan istiqamətində olan kommunikasiyalar geniş şəkildə inkişaf edir. Bu yöndə artıq fəaliyyətdə olan qaz kəməri və dəmir yolu var.

Başqa bir istiqamət İrandan keçən kommunikasiyalardır. Azərbaycan bu istiqamətdə fəaldır. Şərq-Qərb istiqamətindən başqa, Şimal-Cənub dəhlizi də gündəmdədir. Ərazi bütövlüyümüzün bərpasından sonra yeni imkanlar yaranıb ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında eksterritorial və təhlükəsizlik təminatı olan bir yol açılsın. Bu da dəhliz mövzusunu aktuallaşdırır. Prezident İlham Əliyevin dedi kimi, top Ermənistanın tərəfindədir. Ermənistan sülh gündəmini seçsə, orada onların da maraqları nəzərə alına bilər.
Bizim bu məsələ ilə bağlı məqsədimiz bəllidir. Birincisi, bolşeviklər tərəfindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kəsilən birbaşa əlaqələr təmin olunmalıdır. Bu, Azərbaycana qarşı olan cinayət tərkibli qərar idi. Azərbaycanın iki yerə bölünməsi qəbuledilməzdir. Bu aydındır, indi bunun beynəlxalq müstəvidə ifadəsi çox önəmlidir. Artıq görürük ki, bunun tərəfdarlarından biri Çindir. Əminəm ki, Çin bu məsələdə öz siyasi iradəsini göstərəcək”.