BAKI, 27 fevral. TELEQRAF
Azərbaycan Respublikası və Oman Sultanlığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti - 6-cı raundu Bakıda keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Oman Sultanlığının Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini şeyx Xəlifə bin Əli Əl-Harisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə siyasi, iqtisadi, enerji, humanitar və parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və müqavilə-hüquq bazasının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin Azərbaycan və Oman arasında əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar.