BAKI, 22 iyun. TELEQRAF

Hindistanın Azərbaycandakı səfirliyi 2026-cı il Beynəlxalq Yoqa Gününü (IDY) Bakıda genişmiqyaslı tədbirlə qeyd edib.

Teleqraf xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, yoqa təlimatçıları və çoxsaylı həvəskarlar iştirak ediblər.

Azərbaycan Dillər Universitetinin tələbəsinin səsləndirdiyi Şanti Mantrası ilə başlayan tədbir daha sonra yoqa sessiyası ilə davam edib. Azərbaycanlı yoqa mütəxəssisləri Elçin Quliyev və Kənan Məmmədovun rəhbərliyi ilə keçirilən sessiya Hindistanın Ayuş Nazirliyinin hazırladığı Ümumi Yoqa Protokolu əsasında qurulub. İştirakçılar asanalar, pranayama və meditasiya hərəkətlərini birgə yerinə yetiriblər.

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar tədbirdə çıxış edərək yoqanın sadəcə fiziki məşq deyil, bədən və zehin arasında harmoniya yaradan bir həyat fəlsəfəsi olduğunu vurğulayıb.

Bu ilki tədbirin “Sağlam Yaşlanma üçün Yoqa” mövzusuna həsr olunduğunu bildirən səfir qeyd edib ki, müntəzəm məşğələlər uzunömürlülüyə, fiziki və psixoloji rifahın yaxşılaşmasına birbaşa təsir göstərir: “Sağlam qocalmanın əsası sağlam həyat tərzindən başlayır. Yoqanı gündəlik həyatın bir parçasına çevirməklə həm daxili rahatlıq, həm də fiziki dözümlülük qazanmaq mümkündür”.

Tədbirdə çıxış edən təlimatçılar Elçin Quliyev və Kənan Məmmədov Azərbaycanda yoqaya marağın ildən-ilə artdığını və müxtəlif yaş qrupları arasında sağlam həyat tərzinə meylin yüksəldiyini diqqətə çatdırıblar. İştirakçılar isə öz növbəsində yoqanın onların həyat keyfiyyətinə göstərdiyi müsbət təsirlərdən bəhs ediblər.

Beynəlxalq Yoqa Günü iştirakçılara xüsusi köynəklərin təqdim olunması və Hindistan mətbəxinin nümunələrindən ibarət qəbul ilə yekunlaşıb.