BAKI, 18 mart. TELEQRAF

BDU-nun Astrofizika kafedrası 18-30 mart tarixləri üçün geomaqnit hava proqnozunu açıqlayıb.

Teleqraf xəbər verir ki, məlumata görə hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir.

Fəallıq Günəş səthində baş verən M sinif (R1-R2; kiçik-orta-radiodalğaların yayılmasını əngəlləyə bilən) səviyyədə alışmaların baş vermə səbəbindən orta səviyyədə olacaq.

Məlumata görə, 21 mart tarixinədək geomaqnit sahə normal fon səviyyəsində olacaq. 21-22 və 25 mart tarixlərində G5 (zəif-kiçik) səviyyəli geomaqnit dəyişiklik gözlənilir. Orta coğrafi enliklərdə geomaqnit sahə sakit olacaq. Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 21-22 və 25 mart tarixləri üçün 5-ə bərabər, martın 31-dək digər günlər üçün 2-4, yüksək coğrafi enliklərdə isə 19 mart tarixində 6-7 intervalında olacaq.

Günəşdə M (kiçik orta) sinif alışmaların baş vermə ehtimalı 15%, X (güclü) alışmaların baş vermə ehtimalı isə 5%-dir. Yaxın günlər üçün Günəşdə aktivlik orta səviyyədə, Yerin geomaqnit sahəsi sakit olacaq, müəyyən günlərdə orta-dəyişkən ola bilər. Güclü geomaqnit qasırğası gözlənilmir.